Maroş Şevçoviç Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin məmnunluq doğurduğunu vurğuladı. O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirdi. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırdı.
O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər. Dövlətimizin başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğuladı.