22.11.2024, 07:23
AZ EN
22.05.2022, 08:00 456

Prezidentə Müstəqillik Günü münasibətilə təbrik məktubları

XƏBƏRLƏR
  • Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevin ünvanına dövlət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlir. Onları təqdim edirik.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi qırğız xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasındakı çoxəsrlik dostluq, strateji tərəfdaşlıq münasibətləri və qarşılıqlı dəstək bundan sonra da inkişaf edəcək və xalqlarımızın maraqlarına uyğun yeni üfüqlər açacaqdır.

Məmnuniyyətlə qeyd edirəm ki, bu il dövlətlərarası münasibətlərimizin təməli rolunu oynayan, 1997-ci il aprelin 23-də Bakıda imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişin 25-ci ildönümü ilə əlamətdardır.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik".

***

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu bayram ərəfəsində mən Rumıniya ilə Azərbaycan Respublikası arasında bir çox səviyyələrdəki dialoqun və əməkdaşlığın ikitərəfli strateji tərəfdaşlıq vasitəsilə möhkəm təməllər üzərində inkişaf edəcəyinə və şaxələnəcəyinə qəti inamımı ifadə edirəm.

Xüsusilə regional əhəmiyyətli enerji və nəqliyyat kimi strateji sahələrdə ikitərəfli iqtisadi inkişafın intensivləşdirilməsi və şaxələndirilməsi qarşıdakı dövrdə ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edir.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqun inkişafına dəstəyini davam etdirəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək bu il diplomatik münasibətlərimizin 30 illiyinin qeyd olunması kontekstində Sizin Rumıniyaya səfər etməyinizlə bağlı dəvətimizi bir daha çatdırmaq istəyirəm.

Cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edəsiniz".

***

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələrini yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasında liderliyini və dəstəyini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik".

Oxşar xəbərlər

SON XƏBƏRLƏR