22.11.2024, 19:26
AZ EN
10.05.2023, 17:38 421

Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışı olub

XƏBƏRLƏR
  • Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb.

İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.

Aparılan analizlər nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub və minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.

Dövlətimizin başçısı, birinci xanım və ailə üzvləri məscidin həyətində ağac əkdilər.

Oxşar xəbərlər