Azad edilmiş ərazilərdə 260 min hektar meşə fondu ərazisi var idi. Onun 226 mini meşə örtüyü ilə örtülü idi. İlkin tədqiqatlara görə, ərazinin təxminən 56 min hektarı məhv edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bunu nazirliyin Feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.
Şöbə müdirinin sözlərində görə, azad edilmiş torpaqlarda əkin işləri apararkən həmin ərazilərin planlama işləri həyata keçiriləcək: “Həmin ərazilərdə müxtəlif yüksəkliklər, fərqli meşə cinsləri var. Ona görə əraziyə uyğun meşə bitkilərinin əkininə üstünlük veriləcək. Bu ilin payız dövründə 100 hektara qədər ərazidə əkin işləri aparılacaq. Təbii ki, burada aparılacaq əkin işlərində azad edilmiş ərazilərin florasına xas bitkilərə üstünlük veriləcək. Buraya vələs, palıd, xüsusən də Araz palıdı, uzunsaplaq palıd, daha quraq ərazilərdə Şərq vələsi, ardıc və digər bitkilər daxildir”.