Birinci fazada bura 275 hektar ərazidə 851 fərdi ev inşa olunacaq.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi İctimai televiziyaya açıqlamasında bildirib ki, burda ağıllı həllərdən istifadə olunacaq: “Yaşıl enerji, kanalizasiya, təmizləyən qurğuların quraşdırılması, eləcə də tullantıların ultilizasiyası və digər sistemlər burda tətbiq olunacaq. Həmçinin bir sıra yeni üsullar da burda tətbiq oluna bilər. Eləcə də təbii materiallardan evlər və bu evlərdə smart texnologiyaların tətbiqi planlaşdırılır”.
Bir sözlə, bütün növ qənaətli texnologiyalar “Ağıllı kənd” konsepsiyasında reallaşdırılacaq. Amma bu da son deyil. Ərazidə Günəş enerjisi ilə çalışan istilik nasoslarının tətbiqi elektromobillər üçün elektrodoldurma məntəqələri, günəş kollektorları, günəş əsaslı avtomobil parkı və s. kimi yeniliklərin də gələcəkdə tətbiq olunacağı istisna olunmur.
Ağdamda da iş dayanmadan gedir. Aydın havanın yaratdığı fürsətdən istifadə edib hər kəs canla, başla çalışır. İkinci yaşayış məhəlləsi üzrə 11 portalda tikinti işləri davam edir. 1268 mənzilin inşası nəzərdə tutlur. 1-ci, 3-cü və 5-ci məhəllələrdə yaşayış və qeyri-yaşayış binalarının layihələndirmə işləri davam edir.
Leyla Sarabi əlavə edib ki, həyat qaynayan Füzulidə bərpa-quruculuq işlərinə başlanılmışdır: “Belə ki, Dövlətyarlı kəndi də “Ağıllı kənd” layihəsi olaraq nəzərdə tutulacaq, burda ağıllı həllərdən istifadə olunacaq. Yaşıl enerji, alternativ enerji mənbələrindən də geniş istifadə nəzərdə tutulur. Həmçinin tikintinin ilkin mərhələsində burda 450 fərdi evin tikintisi nəzərdə tutlur. Burda kənd meydanı, baxça, məktəb və digər infrastruktur obyektlərin qurulması da nəzərdə tutulur”.
Həmçinin, Cuvarlı, Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində də layihələndirmə işləri aparılır.
Hazırladı: Tahirə AĞAMİRZƏ