Qarabağ İqtisadi Rayonuna daxil olan Xocavənd böyük strateji əhəmiyyəti ilə yanaşı, həm də iqtisadi potensialı ilə də fərqlənir. Belə ki, rayon turizm, sənaye, aqrar, eləcə də, xidmət sektorunda başqa bölgələrlə müqayisədə xeyli üstünlüyə malikdir. Hər daşı, qayası, mağarası ilə tarixin canlı şahidi olan Xocavənd həm də, relyefi ilə turistlərin diqqətini cəlb edə bilər.
Millət vəkili Vüqar Bayramov Real televiziyasına müsahibəsində bildirib ki, Hadrut qəsəbəsi və bütövlükdə Xocavənd rayonu Cənubi Qafqazda fasiləsiz turizm potensialı xidmətləri təklif ediləcək azsaylı bölgələrimizdən hesab olunur. Həm Hadrut qəsəbəsinin, həm də ətraf kəndlərin fasiləsiz olaraq yay, qış dini, mədəni, tarixi, müalicəvi turizm xidmətləri təklif etmək imkanı var. Bu da ondan xəbər verir ki, Azərbaycan turizminə Xocavənd xüsusi töhfə verəcək. İnsanlar öz doğma torpaqlarında məskunlaşdıqdan sonra vətəndaşlarımız bura daxili turizm üçün müraciət edəcəklər. Çünki Xocavəndin təbiəti kifayət qədər gözəldi və onun gəzməli-görməli tarixi yerləri çoxdur.
Hadrut-Füzuli avtomobil yolunun inkişaf etdirilməsi Hadrut qəsəbəsinin infrastruktur olaraq Füzuli Bynəlxalq Hava limanına inteqrasiyasına imkan verəcək.
Bəşər sivilizasiyasının beşiyi olan Azıx mağarası, həmçinin qədim tarixi olan Tağlar mağarası, 5-8-ci əsrlərə aid olan qədim qalaların, Alban məbədinin bu ərazidə yerləşməsi onun turizm əhəmiyyətini birə beş artırır.
Kifayət qədər böyük xammal bazasına, təbii faydalı ehtiyatlara malik olması Xocavəndin geniş sənaye imkanlarından xəbər verir.
Üzümü və yaşıl mərməri ilə məşhur olan Xocavənddə əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, taxılçılıq, quşçuluq, bostançılıq və tərəvəzçilikdir.
Vüqar Bayramov deyir ki, Prezident İlham Əliyevin Xocavəndə səfərindən sonra burada iqtisadiyyatın və sənayenin yenidən formalaşdırılması və inkişaf etdirilməsi sistemli yanaşma ilə həyata keçirilməyə başlanıb. İşğaldan azad edilmiş rayonlarımızın bərpa və yenidən qurulması birbaşa cənab Prezidentin diqqət mərkəzindədir. Sahələr müəyyənləşdi və bu istiqamətdə investisiya cəlb edilməsi istimətində işlər davam edir. Prezidentin rayona səfəri vacib bir hadisədi və biz tezliklə burada yeni düzənin yaradılmasının şahidi olacağıq.
Xocavənd üzlük daşı, əhəng daşı, yeraltı su ehtiyatları ilə zəngindi. Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşençay çayının kənarında bitən təbii meşə, Kuropatkin adlanan yerdə 6 min hektara qədər ərazidə olan ağaclar qırılıb məhv edilib. Rayonun Qırmızı Bazar qəsəbəsində yaşı 2000, 1000 olan iki qədim şərq çinarı təbiət abidəsi kimi qorunub saxlanılırdı.
Mina RƏŞİD