Bunu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.
O qeyd edib ki, Toğanalı-Kəlbəcər avtomobil yolunun ümumi uzunluğu 56 kilometr, tunellərin ümumi uzunluğu isə 25,2 kilometr təşkil edir. Layihə üzrə 4 tunelin tikintisi, 191 ədəd düzbucaqlı və dairəvi boru olmaqla, su ötürücü boruların inşası, 6 körpünün inşası nəzərdə tutulub.
“Tunel üzrə qazma-partlatma işlərinin 2024-cü ilin axırına tamamlanması planlaşdırılır. Bundan sonra yardımçı tikililərin inşasına başlanacaq. Tuneldə havalandırma, işıqlandırma və digər yol avadanlıqlarının quraşdırılması işləri 2025-ci ilin sonunadək tamamlanacaq”, - deyə mühəndis vurğulayıb.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. (AZƏRTAC)