09.06.2025, 02:22
AZ EN
01.11.2022, 13:40 608

Ermənistan ikiüzlü siyasətini davam etdirir

YAZILAR

Payızın son ayı Ermənistana yeni siyasi vurnuxma və gərginlik gətirib. Oktyabrın 31-də Soçidə öncə Rusiya prezidenti Vladimir Putinlə təkbətək, sonra isə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə iştirak edərkən mövcud reallıqla bir araya sığmayan əsassız iddialarını kağız üzərindən oxusa da siyasi dildə çatdıra bilməyən Paşinyan Soçidən qayıdan kimi İrana gedib. Xatırladaq ki, Paşinyanın İrana gedəcəyi barədə xəbər ilk dəfə o Soçidə olarkən yayılmışdır ki, bu da rəsmi protokol baxımından bir sıra suallar doğurur. Belə ki, onun Tehrana səfər edəcəyi barədə Soçi görüşlərinədək heç bir KİV-də məlumat verilməmişdir. İranla hansı məsələlər barədə söhbət getdiyi hələlik tam məlum olmasa da, müxtəlif erməni KİV-lərinin məlumatına görə, Soçi görüşü Paşinyanın və Ermənistanın növbəti uğursuzluğu ilə başa çatıb. Cənab İlham Əliyevin Putinlə təkbətək görüşündə “Dağlıq Qarabağ” məsələsinin iki il öncə həll olunaraq tarixin arxivinə atıldığını bildirməsi Rusiya mətbuatında olduğu kimi, Ermənistan mətbuatında da dəfələrlə vurğulanır. Erməni politoloqlar Paşinyanın zəifliyinin həm də Ermənistan iqtidarının və dövlətinin zəifliyi kimi xarakterizə etməkdədirlər. “Hraparak” qəzetinin 1 noyabr tarixli sayında dərc olunmuş “Vətəndaş müqaviləsi” Paşinyanın zövqünə uyğun yeni rəhbər orqan seçib” başlıqlı məqalədə göstərir ki,  oktyabrın 29-da “Vətəndaş müqaviləsi”nin jurnalistlərin iştirakı olmadan növbəti qurultayı keçirilib və partiyanın rəhbər orqanları seçilib. Qəzet yazır ki, özünü demokratik hakimiyyət adlandıran iqtidar partiyasının yeni seçilmiş mərkəzi orqanı qarşıdan gələn 3 ildə  həm partiya, həm də ölkə üçün “mühüm” qərarlar qəbul edəcək. Bu qərarların heç birinin erməni xalqının və Ermənistanın mənafeyinə xidmət etməyəcəyini bildirən müəllif əlavə edib ki, yeni rəhbərlikdə bir çox vəzifəli şəxslər, o cümlədən xarici işlər naziri Ararat Mirzoyan təmsil olunmayıb. Müəllif bunu Ararat Mirzoyanın işinin çoxluğu ilə əlaqələndirsə də, məqalənin başqa bir hissəsində A.Mirzoyanın diplomatik sahədə zəif olduğuna görə vəzifəsindən çıxarılacağını sətiraltı sözlərlə bildirir və daha sonra əlavə edir ki, Ermənistanda kimin xarici işlər naziri olmasına baxmayaraq “arsax” məsələsində dəyişiklik edilməyəcək.

Politoloq Hakop Badalyan isə “Hraparak” onlayn qəzetinə verdiyi müsahibədə müxtəlif detallara toxunub. O, Ermənistanın gah Qərblə, gah da Rusiya ilə ikibaşlı siyasət apardığını açıq-aşkar vurğulayıb. Bildirib ki, Qərblə, ABŞ-la, İranla dostluq edən Ermənistan aysberqin digər tərəfində Avroasiya, MDB ölkələri ilə əməkdaşlığını daha da gücləndirəcəyini, KTMTK-dan gah çıxacağını, gah da həmin qurumun ali iclaslarında iştirak etməklə öz  siyasi səmtini tez-tez dəyişdiyini göstərir. Politoloq bir sıra faktlar sadalayaraq belə qənaətə gəlir ki, təkcə “arsax” deyil, Ermənistanın özünü də siyasi subyekt olmaqdan məhrum etmək prosesi gedir. Xocalı qatili Serj Sarkisyanın da fikrini tez-tez dəyişməsi politoloq Hakop Badalyanın faktlarla sübut etdiyi haldır. O belə bir qənaətə gəlib ki, Ermənistan Qərblə Rusiya arasında seçim etməsə, özünün daha ağır dövrünü yaşamağa məhkum olacaqdır.  

Nəsib QARAMANLI

Oxşar xəbərlər