18.04.2024, 04:57
AZ EN
28.01.2023, 18:00

Doğma yurda səfərin təəssüratı - 4

Sabit ƏZİMOV

  • Ağdamı gəzdikcə onun hər bir guşəsinin gözəlliyi, cəlbediciliyi adamı valeh edir, yenidən doğulursan, təmiz havasını udduqca orqanizmin daxili üzvləri elə bil ki, yenilənir, ümumiyyətlə bu torpaqda olmaq insana yeni bir ovqat - həyat bəxş edir.

Əvvəlki yazımda qeyd etdiyim kimi, Qarqar çayının sağ sahilində - hava limanından beş yüz metr məsafədə yerləşən Novruzlu kəndinə yollanıb həm ziyarət, həm də tarixi mövcudluğu izləyicilərin nəzərinə çatdırmağı vacib hesab etdim.

Vaxtilə Qafqaz Albaniyası dövründə yaşamış tayfaların birinin adı ilə adlanan, mənbəyini Qırğız dağlarından başlayaraq Ağ göldə tamamlayan Qarqar çayının üzərində uzunluğu 300, eni 15 metr olan körpü Novruzlu kəndinə rahat hərəkəti təmin etmişdir. Yazın əvvəlində bir ay müddətində sel sularının səs küylü axını qəribə mənzərə yaradırdı. Uzun illər boyu kənd camaatı çətinlik çəksə də, 80-ci illərdə inşa edilmiş körpü vasitəsilə avtomobillərin maneəsiz hərəkəti təmin edilmişdir.

Qərarıma əsasən bu yolu piyada hərəkətimlə addımladım, hər qarış torpağa salam verdim, qısa zaman kəsiyində quruyan çayı keçərək müqəddəs bir məkan hesab etdiyim Novruzluya çatdım. 30 ildən sonra torpaq-övlad görüşünün təsirli mənzərəsi olduqca çətin, tam mənada kövrək hisslərin əhatəsində olduğu üçün nə deyəcəyimi sanki unutdum, torpağın ünvanladığı sual qarşısında sakit, cavabsız olaraq xeyli susdum, cavabım “vaxtilə mövcud olmuş Novruzlu…” oldu.

Tarixi zənginliyi, münbit torpağı, cəsarətli insanları, elm, mədəniyyət, dövlət xadimləri ilə Novruzlu kəndi həmişə fərqlənmiş, qabaqcıl təsərrüfatçılıq ənənələri, maarifçilik ideyalarının yayıldığı, abad, yaraşıqlı, təminatlı bir kənd olaraq Qarabağımızın tarixində xüsusi çəkiyə malik olduğunu təsdiq etmişdir. Hələ 17-ci əsrin əvvəllərində kənd camaatının iri torpaq sahələri, mal-mülkü, bağ-bağatları olmuşdur. 19-cu əsrin axırlarında o dövr üçün nadir hesab edilən üçmərtəbəli, damı dəmirlə örtülmüş şəxsi evlər mövcud olmuşdur. Bir faktı deyim ki, 1920-ci il Sovet dövründə də kənd sakinləri Azad, Böyük, Hacı bəylərin üçmərtəbəli, arxitektur görünüşü ilə fərqlənən evləri olmuşdur. 1918-20-ci illərdə tanınmış Türk generalı Laçın, Şuşadan keçərək Ağdama gəlir, ərazidə ermənilərin digər yerlərdən fərqli olaraq zərər vura bilməməsinin səbəbini öyrənir, Novruzlu kəndinin igid övladı Əsədulla haqqında məlumat alaraq görüşürlər. Nuru Paşa öz atının belində olan qızıl yəhəri Əsədullanın atının belinə qoydurur, əlindəki mauzeri Əsədulla bəyə bağışlayır. Təəssüf ki, sovet dövründə müsadirə edilib Leninqrad şəhərinə aparılaraq Ermitajda muzey eksponatı kimi nümayiş etdirilən qiymətli, tarixi özündə əks etdirən hədiyyəni hələ də öz milli muzeyimizin eksponatına çevirə bilməmişik. Novruzlunun igid övladları haqqında İ.Əfəndiyevin “Geriyə baxma qoca" romanında da xüsusi qeyd edilmiş, bu kəndin insanlarının sədaqətli, etibarlı, qoçaq davranışları öz əksini tapmışdır. 1922-ci ildə Azərbaycana uzun müddət rəhbərlik etmiş M.C.Bağırov öz dəstəsi ilə Novruzluya gəlir, lakin yerli insanların təkidi və müqaviməti ilə qarşılanaraq kəndi tərk edirlər.

Novruzlu kəndi ucaboylu meyvə - üzüm bağları ilə çox fərqlənirdi. Yerli üzüm sortları - Qızıl üzüm, hazarı, quşürəyi, xan üzümü, mərəndi, yaylıq üzüm, tülküquyruğu, keçiməməsi, gəlin barmağı və digər üzüm sortları hələ mədəni üzümçülük olmamışdan əvvəl ucaboylu bağlarda becərilirdi, qazanılmış gəlirlər hesabına kənd əhalisinin real həyat şəraiti çox inkişaf etmiş, sosial vəziyyət digər yerlərdən əsaslı şəkildə fərqlənirdi. Üzümçülük, taxılçılıq, baramaçılıq, şəxsi təsərrüfatlarda mövcud olan giləmeyvə və meyvə bağları kənd iqtisadiyyatının əsasını təşkil edirdi. 1913-cü ildə Çar Rusiyasının sənaye xəritəsində Ağdamda iki sənaye müəssisəsi öz əksini tapıb, bunlardan biri Novruzlu kəndində olan emal müəssisəsi, digəri isə Ağdam çaxır zavodu olmuşdur. Novruzlu Üzümçülük Sovxozu kimi tanınan təsərrüfatın istehsal etdiyi “Novruzlu” şirin şərabı 1973-cü ildə İtaliyada keçirilən beynəlxalq sərgidə Qızıl medala layiq görülmüşdür. Sonralar Ağdam portveyni adı ilə tanınan yerli məhsulun necə böyük rəğbətlə qarşılandığını çoxlarımız yaxşı bilirik. İkinci Dünya Müharibəsi qurtardıqdan sonra Moskvaya - Stalinə göndərilən bağlamada Şellinin güleyşə narı, Mərzilinin motal pendiri, Novruzlunun qızıl üzümü xüsusi yer tutmuş, həmvətənlərimizə bunun müqabilində xüsusi hədiyyələr də göndərilmişdir.

Novruzluda 2 su dəyirmanı, 4 kəhriz, 2 məscid, 4 ticarət obyekti, 75 çarpayılıq xəstəxana, rabitə şöbəsi, uşağ bağçası, polietilen, üzüm emalı müəssisələri, klub, kitabxana, idman meydançası, abidə kompleksi mövcud olmuşdur. Kənd məscidi 1852-ci ildə tikilmişdir. 1910-20-ci illərdə ərəb, rus, fars dillərində tədrisi həyata keçirən rus-tatar məktəbi Köçəri Həsənovun evində fəaliyyət göstərmişdir. Mirzə Çıraq və ata babamın qardaşı Səlim Həsənov Novruzlu kəndindən Peterburqda ali təhsil almış ilk ziyalılar olmuşlar. Savadsızlığın ləğvi ilə əlaqədar 1929-cu ildə Qarqar çayının sağ sahilində olan kəndlərdə yaşayan insanların da tam təhsil alması üçün Novruzlu kənd orta məktəbi fəaliyyətə başlamışdır. 1989-cu ildə istifadəyə verilmiş, yeni layihə əsasında tikilmiş 684 yerlik orta məktəbin binası, burada olan nümunəvi təhsilin metodikası respublikamızda ən öncül, mötəbər elm məbədi olaraq xüsusi nüfuza malik idi. Respublikanın əməkdar müəllimi, 56 il fasiləsiz məktəb direktoru olmuş Səlim müəllim bütün canlı həyatını doğulduğu kənd məktəbinə həsr etdi, şərəfli ömür yolu keçdi, minlərlə şagirdlərin həyat yoluna parlaq işıq saçdı, özündən sonra milli-mənəvi dəyərləri, Qarabağımızın, Ağdamın, Novruzlunun tarixi ilə bağlı kitabları, nümunəvi həyat yolunu bizlərə əmanət etdi. Xüsusi qeyd etmək istəyirəm ki, hamı bu məktəbi Səlim müəllimin məktəbi adlandırırdı. Tanınmış elm xadimi Xudu Məmmədov, dünya şöhrətli alim Rafiq Əliyev Novruzlu kənd orta məktəbində təhsil almışlar, ziyalı mühitinin formalaşmasında kənd məktəbinin, onun məzunlarının rolunu xüsusi qeyd etmək istəyirəm.

Novruzlu kəndində mədəni tədbirlər həmişə yüksək səviyyədə təşkil olunmuş, mövcud şərait buna imkan vermişdir. Hələ 20-ci əsrin əvvəllərində tanınmış muğam ifaçıları, teatr xadimləri bu kənddə tez-tez toplaşaraq öz məharətlərini nümayiş etdirirdilər. 1918-ci ildə İslam Abdullayev bir qrupla kəndə gəlir, müxtəlif ifaları səsləndirirlər. Sonralar Xan Şuşinski kimi tanınan muğam ifaçısına Xan ləqəbi məhz Novruzlu kəndində verilib. Uzun illər Ağdam teatrına rəhbərlik etmiş Məmməd Əmirov, yazıçı dramaturq Əli Əmirli Novruzlu övladı olaraq həm kəndinə, həm də Azərbaycan mədəniyyətinə layiqli töhfələr vermişlər. Respublikamızda çox az adam tapılar ki, İsgəndər Novruzlu haqqında məlumata malik olmasın. Hacı bəyin övladı olan İsgəndər Azərbaycan musiqi tarixinə adını yazdırmağı bacarmışdı, lakin bəy nəslindən olmasına görə bəstələri, şerlərini öz adı ilə çap etdirə bilmədi. Qarabağın maralı, Qaragilə, Qarabağ, Ağdam, Qarabağdadır və s. mahnıların müəllifi İsgəndər olsa da, bu gün xalq mahnısı adı altında səslənməkdədir, təskinlik üçün bu da yaxşıdır. Tanınmış musiqi tədqiqatçısı F.Şuşinski kitablarının birində geniş şəkildə qeyd edir ki, İsgəndərin bəxti gətirmədi, repressiya qanunları həmişə onu addım-addım izlədi, müəlliflik hüququnu bərpa etməyə münbit zaman olmadı, ömrü çatmadı. İsgəndər Novruzlu öz şerlərinin birinə “Qara bəxtim” başlığı qoyaraq taleyin ümidinə qalması və arzularını reallaşdıra bilməməsindən şikayətlənirdi.

Novruzlu kəndində baramaçılıq geniş yer tutmuş, bu sahədə nailiyyətlər qazanmış bir qrup kümçü SSRİ x/t nailiyyətləri sərgisinin qızıl medalına layiq görülmüş, sonrakı dövrdə üzümçülüyün inkişafı yerli emal müəssisəsinin qəbul imkanının on min tona çatmasına imkan yaratmışdır.

Kənd bir neçə məhəllədən ibarət olmuş, 300 ailə təsərrüfatını özündə birləşdirmişdir. Kənd arası bütün yolların asfaltlaşdırılması tam olaraq başa çatmış, su, qaz, rabitə, işıq sistemi tam təchiz olunmuşdur. Kəndin içməli su ehtiyacını 4 kəhriz, bir neçə artezian quyuları təmin edirdi. 20-ci əsrin əvvəllərində xeyriyyə məqsədilə kənd ağsaqqalı Kərbəlayı Abbas kişinin 25 km məsafədən yeraltı quyular qazdıraraq kəhriz çəkdirməyi içməli suya olan tələbatın ödənilməsi baxımından müstəsna əhəmiyyətə malik olmuşdur, bu gün ziyarət zamanı da dupduru sudan içərək ruhuna dualar edirik.

Kəndin övladları Qarabağın azadlığı uğrunda canlarından keçmiş, milli qəhrəman, müxtəlif təltifli Novruzlular qürur ünvanımıza çevrilmişlər.

1852-ci ildə inşa edilmiş məscid kənd camaatının dini ayinlərinin yerinə yetirilməsində böyük rol oynamış, xatirə kompleksləri tariximizin yaşadılmasına xidmət etmişdir.

Seyidrazi ocağı, bu nəslin davamçısı olan Seyid Mirəli ağa dinimizin qorunmasına xidmət edirdi, xeyir-şər məclislərində ağsaqqallıq nümunəsi ilə hamının yanında olmağına görə iman, hörmət və etiqad ünvanı kimi qəbul edilirdi.

Yusifcanlı, Mərzili, İsmayılbəyli, Pirzadlı, Bağbanlar, Saybalı kəndləri Novruzlu ilə həmsərhəd, eyni zamanda bir ailə kimi mehriban qonşuluq həyatını yaşayan kənd camaatı olmuş, sıx qohumluq əlaqələri mövcud olmuşdur.

Bir neçə saat ərzində kəndi gəzib dolandım, novruzgülü, bənövşə, qızılgül ətri, gözəlliyi ilə bəzənən, ən gözəl təbiəti, insanları ilə seçilən Novruzlu kəndi haqqında qısa da olsa fikirlərimi bölüşdüm. Nə qədər çətin olsa da, qeyd etdiyim kəndə məxsus olanlardan heç nə qalmayıb. Ermənistan Silahlı Qüvvələri 1993-cü ildə işğalçı siyasət yerinə yetirərkən Novruzlu kəndini də tamamilə söküb dağıdıb, bütün mədəniyyət obyektlərinə, tarixi irsə qarşı vandalizm törədiblər. Kənddən çıxarkən kənd qəbiristanlığının yanından rahat keçmək mümkün deyil...

Azad olunmuş Ağdamda nə qədər görəcəyimiz işlər var...

Yurd yerlərimizdə görüşmək, yaşamaq arzusuyla.

 

SON XƏBƏRLƏR