10.10.2024, 16:07
AZ EN
31.12.2022, 10:00

Vətən sənsən, Vətən mənəm...

Mina RƏŞİD

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə bağlı yazıya sadə bir misalla başlamaq istədim. Birinin qonşusu xəmir yoğururmuş. Xəmirin suyu bir az artıq düşüb və o əlini atanda görüb ki, un qurtarıb. Tez azyaşlı uşağını qonşusunun iki addımlığında olan mağazasına göndərib ki, ona bir kq un versin. Onda da unun kq-ı cəmi 40 qəpik idi. Qadının uşağa verməyə xırda pulu olmayıb. Deyib ki, qonşusu unu versin, bir azdan gəlib ödəyəcək. Qonşu gözünə dönmədiyim uşağı boş qaytarıb. Anası naəlac xəmirin üstündən durub mağazaya gedib. Deyib ki, bəs əlim xəmirliydi deyə, uşağı göndərdim, xırda pul da olmadığına görə dedim ki, Allah xatirinə 1 kq unu uşaqdan göndərin yarım saata gəlib borcumu ödəyəcəm. Həmişə üz-gözündən zəhriman tökülən kobud, daim müştərilərlə, qonum-qonşuyla münaqişə edən kişi qadının üstünə elə bağırıb ki, adam dilləndiyinə peşiman olub...

Bu olanlarn üzərindən bir az keçmiş Vətən müharibəsində qazandığımız Zəfərlə hər tərəf, bütün evlər, binalar üçrəngli bayrağa büründü. Həmin vaxt bu zəhər boxçası olan mağaza sahibi də, böyük bir bayraq alıb yekə evinin düz təpəsindən asdı. İndi Sizcə, dar ayaqda qonşusuna 1 kq unu qıymayan,  heç kəsi sevməyən o adam Vətəni sevə bilərm? Bu yerdə Zəfər günlərində bir ara gündəm olan o bayağı məktəb direktoru yadıma düşdü. Uşaq kimi başına şit, görkəmsiz şəkildə bayraqları sancan “direktor” onda ictimaiyyətin gülünc yerinə çevrilmişdi...

Bu gün Dünya Azərbaycanlılarının həmrəyliyi günündə belə misalları çəkməklə demək istəyim budur ki, gəlin biz bir-birimizi yalandan bayraq taxmaqla, göstərişlə, pafoslu sözlərlə aldatmayaq. Öz ailəsini, doğmalarını, qonşusunu, iş yoldaşını, bir sözlə, soydaşlarını sevməyən bir adam məncə, Vətəni, torpağı, onun şəhidini də ürəkdən sevməz. Vətən nədir??? Vətən sənsən, Vətən mənəm, Vətən dünyanın ən ucqarında yaşayan soydaşımız, həmvətənimizdir. Təəssüf ki, ətrafımızda bəziləri elə bilir ki, Vətən quruca torpaqdı, daş-qayadı. Unudur ki, o quruca torpağa can verən, vətəni Vətən edən vətəndaşdı...

Bəli, biz bir-birimizi sevmədən Vətəndən danışa bilmərik. Danışsaq da,  o ucalığa qalxa bilmərik. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər bizim birliyimizin təcəssümü deyilmi? Müzəffər Ali Baş Komandanımızın, yenilməz ordumuzun ətrafında uşaqdan tutmuş qocaya qədər, dünyadakı bütün soydaşlarımızla birlikdə həmrəy olmağmızla Dəmir yumruğa dönmədikmi?

Yaşasın birliyimiz, həmrəyliyimiz. Yaşasın böyük, əbədi Zəfərimiz! Yaşasın canımız - qanımızla, bir-birimizi sevməyimizlə, əməllərimizlə, xoş niyyətlərimizlə sevdiyimiz cümlə Azərbaycanımız! Möhtəşəm Himnimizdə deyildiyi kimi:

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!!!

Mina RƏŞİD