26.12.2024, 20:31
AZ EN
05.08.2022, 08:20

German Ağdamlının özü və sözü

Tahirə AĞAMİRZƏ

  • Dünya Ağdam boyda imiş, ilahi! – deyən vətənpərvər şair-publisist German Ağdamlını həmyerliləri çox yaxşı tanıyırlar. Birinci Qarabağ müharibəsində iştirak edən, yaralanmasına baxmayaraq, inadından dönməyib sona qədər döyüşən və eyni zamanda vətənpərvər şeirləri ilə döyüş yoldaşlarında ruh yüksəkliyi yaradan German Əli oğlu Hüseynov 1962-ci ildə Ağdam şəhərində anadan olub.

30 ilə yaxın Vətən həsrəti çəkən şair bir müddət xaricdə yaşasa da, yurd nisgili, Qarabağ həsrəti qərib diyarda belə onu tərk etməyib. Azərbaycana qayıdıb doğma Ağdamına qovuşacağı günü gözləyib. İnanıb ki, bir gün ürəyinə damanlar reallığa çevriləcək...

Qoynunda bir qarış yer ayır mənə,

Gömülüm bətninə sən olum, Vətən,

Dağların başında bir topa bulud,

Çölündə, düzündə çən olum, Vətən.

 

Qarşında diz çöküb, sənə and içim,

Yox başqa bir yolum, başqa bir seçim,

Gedim düşmən üstə, canımdan keçim,

Bir şəhid balan da mən olum, Vətən...

Bəli, şeirləri və qəzəlləri təsnif kimi muğam ifaçıları tərəfindən zövqlə oxunan German Ağdamlının da duaları tanrı dərgahına çatdı və 44 günlük müharibə Zəfərimizlə nəticələndi. İndi şair bu arzuların sevincində pərvazlanır; doğulduğu doğma yurdda yaşamaq, yaratmaq, Ağdamın haqqında məlumatı olan ağsaqqal və ağbirçəklərlə yenidən bir araya gəlmək, Ağdamın özünəməxsus adət-ənənələrinin itib-batmaması üçün böyük işlər görməyə çalışır.

Bu günlərdə Qarabağın, Ağdamın dəyərli, vətənpərvər oğlu Ağdam TV-nin “Danışır” verilişinin qonağı olub.  O, Ağdamla, Milli Qəhrəman Allahverdi Bağırovla bağlı xatirələrini danışıb:

- Harda yaşamağımdan asılı olmayaraq ürəyim həmişə Ağdamla döyünüb, həmişə demişəm ki, mənim üçün Vətən doğulduğum evimizdən, topuğa qədər palçığına batdığım, yıxılanda ağzımın-burnumun qanı torpağa qarışan həyətimizdən  başlayır... Və ondan sonra Ağdam gəlir, Azərbaycan gəlir və mən Azərbaycanı, dövlətimizi, dövlətçiliyimizi, xalqımızı, millətimizi, dilimizi çox sevirəm.  Ona görə də indiyədək yazdığım 16 kitabda həmişə Qarabağın işğaldan azad olacağına inanmımı şeir dili ilə ifadə etmişəm, buna çox böyük ümidlə yanaşmışam və içimdəki o umidin ölməsinə heç vaxt imkan verməmişəm. Ağdam haqqında xatirələrim çoxdur, yəni mən beş yaşımdan camaatın içində olmuşam, bu, bir az  təəccüblü görünə bilər. Atam Ağdam rayonunda idman sahəsində çalışıb, idman cəmiyyətinin sədri olub.  “İmarət” stadionunun direktoru olub. “Qarabağ” futbol komandasının yaradıcılarından, məşqçilərindən biri olub... Vaxtaşırı məni komanda ilə başqa rayonlara yarışlara aparardı. Ona görə də mən 5 yaşımdan artıq ağdamlıları tanımağa başlamışdım. O cümlədən, Allah bütün şəhidlərimizə, Vətən həsrətiylə dünyasını dəyişənlərimizin hamısına rəhmət eləsin, Milli Qəhrəman Allahverdi Bağırovu da mən 5 yaşımdan tanıyırdım. Mənim 5, onun 16 yaşı olsa da, aramızda səmimi münasibət qurmuşduq, dostlaşmışdıq, doğmalaşmışdıq.  Həmişə Ağdamdan söz düşəndə birinci Allahverdi Bağıro-vun adını çəkirəm və bunu özümə borc bilirəm...

Siz Vətənin harayına yetdiniz,

Anaların göz yaşında bitdiniz,

Ataları qocaltdınız getdiniz,

Şəkillərdə cavan qalan şəhidlər...

Mənim bir kitabım var, adı belədir: “Əzizbəyov küçəsi, ev 57”. Yəni evimizin ünvanını kitabın adına qoymuşam. Bunda da məqsəd odur ki, hər kəs öz evinin ünvanını o kitabı oxuyanda xatırlasın və gələcək nəsillərə ötürsün ki, bizim Ağdamda filan küçədə filan nömrəli ata-babadan qalma evimiz vardı... Ümumiyyətlə, mən həmişə ağdamlılara, öz tay-tuşlarıma deyirəm ki, harda nə görsəniz, onun ağdamlı variantını uşaq­larınıza xatırladın. Bir ağac gördünüz, deyin ki, Ağdamdakı bulvarda və yaxud filan küçədə belə bir ağac var idi, bundan da gözəl idi, bundan da böyük idi. Bəlkə də, o ağac heç yox idi, bəlkə də, ondan gözəl deyildi, amma bu, uşaqların qəlbində Vətən sevgisi cücərdəcək, ora getməyə, orada yaşamağa marağını, həvəsini artıracaq. Təbii ki, bu təkcə Ağdama aid deyil, işğaldan azad olunmuş bütün bölgələrimizin sakinlərinə də aiddir.

Biz torpaqlarımızı düşmən işğalından elə o sevginin, o ümidin, o inamın hesabına, bir də döyüşçülərimizin, şəhidlərimizin, əsgər və zabitlərimizin, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, daxili və xarici siyasəti, iradəsi, apardığı beynəlxalq səviyyəli müdrik siyasəti nəticəsində azad etdik.

Şükürlər olsun ki, indi Qarabağ azaddır, böyük işlər gedir. Tezliklə hamı öz doğma yurduna qayıdacaq. Gələcəkdə Ağdamda Ağdamlı ağdamlılar olacaq. Son 30 ildə Ağdamsız ağdamlılar idik, indi Ağdamlı ağdamlılar olacağıq, Şuşalı şuşalılar olacağıq...”