20.01.2025, 23:54
AZ EN
29.12.2024, 16:18

2024: dünyanı məhvərindən oynadan il...

Elxan SALAHOV

2024-cü il də tarixə qovuşur. Son 10 ilin ən təlatümlü ili kimi! Hara baxırsan başdan-ayağa qan-qada, küy-kələk...

Geriyə baxanda son 12 ayda baş verənlər dünyanı məhvərindən çıxaran hadisələr kimi göz önünə gəlir:

- Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi, slavyan qardaşlarının birlik və bərabərlik simvoluna çevrilmiş şəhərlərin yerlə-yeksan olunması;

- Yaxın Şərqdə nüfuz savaşının qanlı müharibəyə çevrilməsi, kütləvi insan tələfatı;
- İsrail-Fələsin müharibəsi fonunda İran prezidentinin müəmmalı helikopter qəzasında həlak olması, İsrail-İran qarşıdurmasının dron və raket hücumlarına çevrilməsi;
- Ukraynanı qızışdırıb Rusiyanın yandırdığı od-alovuna içərisinə atan ABŞ və Avropanın üzüyola müttəfiqini yarıyolda qoya biləcək qədər dişsiz siyasəti;
- Demokratiya yoluna çıxan Zelenski hakimiyyətinin döyüş meydanında tək və köməksiz qaldığı bir vaxtda Şimali Koreyanın Rusiyanın tərəfində müharibəyə qoşulması;

- Birliyi laxlayan Avropanın bütün mənalarda həm ən güclüləri, həm də əsas yönəldiciləri sayılan Fransa və Almaniyada hökumət böhranları;

- Suriyada 24 illik Bəşər Əsəd hakimiyyətinin cəmi 3 gün ərzində üsyançı müxalifətə təslim olaraq devrilməsi;

- Son 10 ilini Avropaya inteqrasiya yoluna həsr edən qonşu Gürcüstanın geriyə dönüşü və coşub-daşan xalq etirazları;

- Digər qonşumuz olan Ermənistanın gah Rusiyanın, gah Fransanın, gah da okeanın o tayındakı havadarının ağuşuna atılmaqla qlobal təhlükələrdən qorunmaq cədləri...

 

İlk tarixi fürsətdə işğal altındakı torpaqlarını yağı düşməndən azad edən Azərbaycan isə sözün əsl mənasında təhlükəsizlik adasını xatırladır. Otuz illik işğala son qoyan Azərbaycan bir tərəfdə COP-29 nümunəsində qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə dünyaya firəvanlıq və əmin-amanlıq vəd edən beynəlxalq tədbirlərə ev sahibliyi edir, digər tərəfdə isə düşmənin Qarabağ və Şərqi Zəngəzurda xarabalığa çevirdiyi şəhərimizi yenidən qurmaqda, Ermənistanla sülh danışıqlarında konkret nəticələrə nail olmaq üçün çalışmaqdadır. Başa çatmaqda olan 2024-cü il həm də işğal altında qalan 8 kənddən 4-nün Azərbaycana qaytarılması ilə yadda qaldı.

2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Prezident İlham Əliyevin dünən imzaladığı sərəncam ötən ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatından sonra müstəqil Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunmasına, gələn il Konstitusiyamızın 30-cu və torpaqlarımızın işğaldan azad olunmasının 5-ci ildönümünə əsaslanır. Xankəndiyə, Xocalıya, Ağdərəyə, Kəlbəcərə ilk köç məhz bu tarixi sərəncamın ən xoş və yaddaqalan hadisəsinə çevriləcək! Qarabağın və Şərqi Zəngəzurun tam olaraq azadlığının beşinci ilində!

Beş il! Tarix üçün bəlkə də çox kiçik görünür, amma otuz il doğma yurduna qayıdacağını səbrsikliklə gözləyən vətən həsrətli insanlar üçün 5 il ömrə bərabər qədər böyük zamandır!

Düşmənin daşı-daş üstə qoymadığı yurdlarımızın bərpası, yenidən qurulması, yaşayış üçün lazım olan infrastrukturların qurulması baxımından beş il çox da böyük vaxt sayılmır. İnsan ömrü isə... Həm də ömrü təlatümlərlə dolu olan qarabağlılar, şərqi zəngəzurlular üçün!

Köç üstündə, yurda qayıdış əhvalında, sülh şəraitində firəvan yaşamaq əzmindəyik!

Bəs, ermənilər? Onlar da sülh və barışıq istəyirmi? Qonşu ölkə kimi dinc, mehriban şəraitdə yaşamağa hazırdırlarmı? Şəhər və kəndlərini viran qoyduqları, torpaqlarını bir qərinə qədər əsarətdə saxladığı Azərbaycana barışıq əli uzadırmı?

Vətən müharibəsindən sonrakı dörd illik zaman bu suallara ən doğru cavabdır: YOX!

“Dəmir yumruq” zərbəsindən özünə gəlməyən ermənilər hələ də nala-mıxa vurur, Azərbaycanla sülh müqaviləsini imzalamaqdan imtina edir. Bunu Ceyhun Bayramovun son açıqlamaları tam çılpaqlığı ilə ortaya qoyur. Nazir dekabrın 12-dəki açıqlamasında belə demişdi: “Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var. Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.

Belə görünür ki, Ermənistan dövlət olaraq hiyləgər niyyətini, erməni xalqı isə içindəki işğalçılıq hissini birdəfəlik kəsib ata bilmir. Özləri bilər!

Biz isə yolumuza davam edirik.Gələn il bizi daha böyük uğurlar gözləyir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində atacağımız addımlar həm də ermkənilər öz hüquqlarının hara qədər olduğunu anlada biləcək! Xankəndiyə, Xocalıya, Ağdərəyə, Kəlbəcərə, Ağdama və yenidən qurulan digər ərazilərə Böyük Qayıdışın ən böyük köçü Qarabağın və Şərqi Zəngəzurun azad olunmasının beşinci ilinə təsadüf edəcək...

Xoş müjdəli Yeni ilin mübarək, Azərbaycan!