Ordumuzun, şəhidlərimizin, qazilərimizin hesabına azad olunmuş torpaqlarımız öz isti qucağını yenidən doğmalarına açdı. Külli Qarabağımız otuz illik həsrətdən sonra azadlğına qovuşdu.. Kəlbəcər də həmçinin. Bu gün KƏLBƏCƏR GÜNÜDÜR!
Kəlbəcər 4 il əvvəl məhz bu gün, 2020-ci il noyabrın 25-də düşmən tapdağından azad olub özünə, özümüzə qayıtdı. QAYTARDIQ! ALİ BAŞ KOMANDANIN İMZASI İLƏ!
Qırx dörd günlük Zəfər tarixinin ilk səhifələrini ordumuz Kəlbəcər istiqamətində - Murovun zirvələrində yazdı, Müzəffər Ali Baş Komandan bu şərəfli missiyanı Ağdam, Laçın və Kəlbəcəri bir güllə atmadan azad etməklə başa vurdu və 25 NOYABR TARİXƏ YAZILDI.
Bu gün həm də Kəlbəcər həsrətiylə, doğma yurduna qayıdışın intizarı ilə yaşayan 80 minə yaxın kəlbəcərlinin arzularının gerçəyə çevrildiyi məqamdır.
Xatırlayıram, işğalçı ordu Kəlbəcəri yandıra-yandıra tərk edib çıxanda hisslərimə hakim ola bilməmişdim, həmin görüntüləri televizyadan izlədikcə uşaqların yanında ağlamışdım. Çoxdan deyil, üstündən cəmi 4 il keçib.
Əbədi yaddaşıma həkk olunan bir tarix də heç vaxt unutmayacağam: cənab Prezidentin 2021-ci ilin avqustunda Mehriban xanım Əliyeva ilə birlikdə Kəlbəcərə ilk səfəri QƏLƏBƏNİN SEVİNCİni bizlərə yenidən yaşatdı. Dövlət başçısının Kəlbəcərdəki çıxışını dinləyəndə də hisslərimə hakim ola bilməmişdim.
Möhtərəm Prezidentin tövsiyə və tapşırıqları 30 il yurd həsrəti ilə yaşayan kəlbəcərlilərin doğma yurd-yuvasıına qayıdışının ən qısa zamanda reallaşacağına ümidləri daha da artırdı. Bu, heç vaxt unudulmayacaq, dövlətimizin gücünə güc qatacaq, xalqımıza, xüsusilə də kəlbəcərlilərə daim qürur hissi yaşadacaq bir səfər idi.
Kəlbəcərin azad olunmasından keçən 4 ildə ümidimiz, gələcəyə olan inamımız, yurdumuza qayıdış arzularımız artıq reallığa çevrilir. ÇOX QÜRURLUYUQ ki, hazırda Kəlbəcərdə quruculuq işləri gedir. İstər magistral yolların, istərsə də rayondaxili yolların tikintisi sürətlə davam edir və gələn ilin yazında Kəlbəcər şəhərinə ilk köç başlayacaq. Gələn il həm də Kəlbəcərə qayıdış prosesinin çox mühüm bir mərhələsinin şahidi olacağıq. Murovdağın altından çəkilən 12 kilometrlik Toğanalı-Murov-Kəlbəcər tunel də istifadəyə veriləcək. Bu, Kəlbəcərə qayıdışın, köçün kütləvi xarakter alması üçün çox böyük imkanlar yaradacaq.
Beləliklə, Kəlbəcərin işğaldan azad olunmasının beşinci ilində bizi iki böyük hadisə gözləyir: Kəlbəcərə ilk köç və Murovdağ tunelinin açılması. Tərtər-Ağdərə-Kəlbəcər yolunun yenidən qurulması isə doğma yurda qayıdışı bir az da asanlaşdıracaq. Bu, o deməkdir ki, qarşıdakı 5-6 il ərzində kəlbəcərlilərin böyük əksəriyyəti öz isti yuvasının nəfəsini duya biləcək.
Azadlığın mübarək, Kəlbəcər!
Gözünüz aydın olsun, əziz kəlbəcərlilər!
Bu xoşbəxt günləri bizlərə yaşadan şəhid və qazi qardaşlarımıza, ordumuza və Ali Baş Komandana borcluyuq!
Allah ordumuza, dövlətimizə güc-qüvvət versin!