11.11.2024, 18:35
AZ EN
17.10.2024, 12:00

Necə də gözəl bir gündür…

Mina RƏŞİD

  • “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm də digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, Füzulidə - doğma Vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız”. Bəli, bu ötən il ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin Füzuli sakinləri ilə dogma Vətən torpağında unudulmaz çıxışındandı…

Doğrudan da, necə gözəl bir gündü. Bu günə, bu Zəfərə nail olmaq üçün biz azərbaycanlılar nələr çəkmişik, dövətimiz, ölkə başçımız necə bir mübarizə yolu keçib və biz müsibətlərə, əziyyətlərə sinə gərmişik.

Füzuli döyüşlərinin qəhrəmanlarından olan mayor Elman Hüseynov deyir ki, Azərbaycan ordusu düşmənə ən güclü zərbəni Füzuli istiqamətində Köndələnçay çayının geniş vadisi boyunca endirdi. Ordumuzun əsas hədəfi Qaraxanbəyli kəndi idi. İlk hücumlarda düşmən postları ələ keçirildi. Mayor deyir ki, 30 ildə düşmən burada istehkam qurmuşdu və özünə arxayın idi. Ancaq Azərbaycan Ordusu, kapitan Samid Əsgərov kimi şəhid, qazi, veteran oğulların sayəsində düşmənin bütün xəyallarını puç elədi...  

FÜZULİ bizi Qarabağdan ayıran bağlı qapı idi. Ona görə də, otuz ildən sonra azadlığa gedən yolumuzun ilk təyinatı elə Füzuli oldu. Döyüşün ilk günlərində ordumuz Alxanlı istiqamətindən düşmənin birinci dayaq nöqtəsini darmadağın etməklə ona ən güclü zərbəni endirdi. Bu böyük uğur xüsusilə də müqəddəs şəhidlərimizin qanı bahasına başa gəldi. İgid  oğullarımız Mübariz İbrahimov və Polad Həşimov kimi qəhrəmanlarımızın eşqi, amalı ilə illərlə bu günü gözləmişdilər, onlar gülə-gülə, rəqs edərək döyüşə yollandılar. Nəhayət illərlə işğalda qalan torpaqlarımızı azad edəcək, qisasımızı düşməndən alacaq və milləti bu ağır töhmətdən qurtaracaqdılar. Odur ki, öldü var, döndü yoxdu, deyərək, onlar ancaq irəli getdilər...

Beləcə, Füzulidə qəhrəmanlarımız ağır döyüşdən çıxıb, ikinci dayaq məntəqəsinə çatdılar. Gördülər ki, hiyləgər düşmən hörümçək toru kimi burada bir sistem qurub. Həmin döyüşlərin iştirakçıları bildirirlər ki, bu çox qarışıq bir sistem idi. Onlar hətta buradan tələ kimi də istifadə edirdilər. Mayor Amil Əbilov deyir ki, burada su bataqlıqları vardı, səngərlərə su buraxırdılar. Bütün bu çətinliklərə baxmayaraq piyada və kəşfiyyat bölmələrimiz birlikdə hücuma keçdi. Həmin gün düşmənin bu tələsi, hiyləgərlik yuvası olan dayaq məntəqəsini ordumuz darmadağın elədi. Yenilməz ordumuz növbəti yüksəklikdə mövqe qurdu. Beləliklə Ohanyan səddi zəiflədi. İndi ordumuzun qarşısındakı digər maneələrdən biri də zirvələr idi...

A.Əbilov bildirir ki, Ohanyan səddi düşmənin mərhələli şəkildə müdafiəsini təşkil edirdi. Məngələnata yüksəkliyi kimin əlinə keçsəydi üstünlük də onun olacaqdı. Çünki buradan təkcə Füzuliyə yox, Qubadlı, Zəngilan əməliyyatlarına da nəzarət etmək olurdu. Düşmən mühasirədə qalacaqdı, elə belə də oldu...

Füzuli döyüşlərində ikinci dönüş nöqtəsi növbəti düşmən səddinin yarılması oldu. Cəbrayıl istiqamətindən irəliləyən ordumuz düşməni çaş-baş saldı. Paralel olaraq Xocavənd rayonu istiqamətində Ərgünəş yüksəkliyinin də nəzarətimizə keçməsi Füzuliyə gedən təminatı tamamilə kəsdi. Bununla da düşmənin beli qırıldı. Ordumuzun FÜZULİ əməliyyatı nəticəsində açdığı Zəfər yolu ilə Azərbaycan əsgəri Şuşaya doğru irəlilədi...     

Bu gün doğma Füzuli şəhərinin işğaldan azad edilməsinin artıq dördüncü ildönümünü qeyd edirik. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib.

Bu şad xəbəri sevinclə öz xalqına çatdıran Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!