12.10.2024, 12:36
AZ EN
15.09.2023, 11:25

Ermənilər rus çarına məktub göndərib

Nəsib QARAMANLI

"Hraparak"ın bu günkü sayında yayılmış "Rus çarına məktub" başlıqlı həcmcə kiçik məqalədə qeyd olunub ki, baş nazir Paşinyan sentyabrın 9-da ABŞ dövlət katibinə, Almaniya kansleri, Fransa, İran prezidentlərinə və Gürcüstanın baş nazirinə zəng edərək Xankəndidəki qeyri-qanuni "prezident seçkisinin" nəticələrinin tanınmasını xahiş edib. İki gün sonra isə o, Türkiyənin prezidenti R.T.Ərdoğana zəng edərək bölgədəki durum barədə fikir mübadiləsi aparıb. O, Rusiya prezidenti V.Putinə də zəng edib. Amma Putin onunla danışmayıb. Paşinyan isə bir neçə gün sonra hamını inandırmağa çalışıb ki, guya Putinlə daim ünsiyyətdədir. Agentlik əlavə edib ki, Paşinyanla Putin son dəfə bu il iyulun 5-də danışıb. Putin isə bildirib ki, Paşinyandan iri həcmli məktub alıb. Agentlik özünün etibarlı mənbəyinə əsasən onu da xatırladıb ki, Kreml Putinin Paşinyana cavab vermək istəmədiyini bildirməsindən sonra erməni baş nazir ona geniş məktub göndərib. Mənbə əlavə edib ki, Paşinyan həmin məktubla Putinə çatdırıb ki, ölkədə antirusiya ovqatı getdikcə dərinləşir və bununla bağlı fikir mübadiləsi aparmaq üçün Kremlə gəlib Putinlə görüşmək istəyir. Yazılana görə, Putin sözügedən məktubu da əsl rus çarı kimi cavabsız qoyub. "Onun Vladivostokda dediyi" Paşinyanla daim ünsiyyətdəyik" sözləri isə həqiqəti deyil, çar siyasətinin davam etdiyini əks etdirir," - müəllif Ermənistanın cəzalandırılacağını qeyd etməyi lazım bilib.