26.12.2024, 20:09
AZ EN
23.07.2023, 10:10

Ağdam bizi gözləyir!

Sabit ƏZİMOV

  • 23 iyul 1993-cü ildə Ağdam rayonu Ermənistan silahlı qüvvələri və havadarlarının köməkliyi ilə işğal olundu. 20 noyabr 2020-ci ildə isə Rusiya, Ermənistan və Azərbaycan tərəfindən imzalanmış üçtərəfli sənədə əsasən öz azadlığına qovuşdu.

Uzun illər ərzində yurd həsrəti ilə yaşadıq, dözdük, düşündük və heç zaman Ağdamsız yaşamayacağımız haqqında mübarizə apardıq. Nəsillər dəyişdi, yurd həsrətli minlərlə insanlarımız əbədi olmayan dünyamızdan köçdülər. Lakin heç bir çətinlik, süni maneələr bizləri öz yolumuzdan, vətən sevgisindən ayıra bilmədi. 44 günlük müharibə xalqımıza Zəfəri qazandırdı, minlərlə şəhidlik zirvəsinə ucalan vətən övladları, qazilərimiz işğala məruz qalmış rayonlarımızın azadlığına nail oldular. Azərbaycan xalqının möhkəm birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusu xalqımızın qürur və şərəfini özünə qaytardı və sübut etdi ki, sülhsevər xalqımız istənilən məsələnin həllində öz gücü ilə ilə hər şeyə qadirdir.

Prezident İlham Əliyev bu günlərdə mədəniyyət paytaxtımız Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunda görüşü zamanı bir daha qeyd etdi ki, bu gün dünyada yeni bir reallıq yaranmaqdadır, uzun illər bizə “Reallıqla hesablaşmaq lazımdır” deyənlər indi isə Azərbaycanın diqtə etdiyi reallığı qəbul etməlidir. Bəli, həqiqətən də, yaşadığımız indiki dövr, güclənən Azərbaycan dövləti uzaqgörən siyasət nəticəsində çox böyük uğurlar əldə etmiş və edəcəkdir!

Bənzərsiz torpağı, iqlimi, bacarıqlı insanları, dövlət-elm xadimləri, zəngin təbii ehtiyatları, vətənpərvər insanları olan Ağdamda bərpa quruculuq işləri görülür, ləyaqətli qayıdışı təmin edən infrastruktur layihələri həyata keçirilir. Daha biz işğal günündən yox, yenidən müasir üslubda qurulan Ağdamdan danışırıq, bu prosesi izləyir, bu və ya digər formada görülən işlərdə iştirak edirik. Qarabağ iqtisadi rayonunda görülən işlər ona gətirib çıxaracaqdır ki, gələcək nəsillər xoş və firavan həyat yaşayacaqlar. Tarixi mənsubluğu qoruyub saxlamaqla yenidən qurulan Ağdamda yaşamaq, çalışmaq, mənsub olduğumuz dəyərləri yeni nəslə ötürmək hər birimizin borcudur!

Ağdam bizi gözləyir!

https://www.youtube.com/watch?v=M3YJPy5h8cI