27.07.2024, 09:46
AZ EN
15.05.2023, 09:35

Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarına sadiqdir

Sabit ƏZİMOV

Prezident İlham Əliyev: “Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. Nə idi bizi qabağa aparan? Ləyaqət və ruh!”.

Müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində, əbədiliyinin təmin edilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidməti tariximizin parçasına çevrilmişdir və onun müəyyənləşdirdiyi strateji xətt bu günümüzdə də uğurla davam etdirilir. Elə bu günlərdə Prezident İlham Əliyevin Şuşa şəhərindən səsləndirdiyi tarixi çıxışı da bir daha təsdiq etdi ki, varislik ənənələri, gələcəyimizə olan baxışlar ümidli əllərdədir.

Bu bir həqiqətdir ki, təcrübəyə arxalanaraq zirvələrdə olmağa can atmaq gəncliyi səciyyələndirən ən başlıca xüsusiyyətlərdən hesab edilir. Yaşadığım ömür payında – Ağdamlı illərimizdə əmək fəaliyyətimin bir çox hissəsi gənclər ittifaqı ilə bağlı olduğu üçün Azərbaycan gənclərinin bütün sferalarda özlərini doğrultduqlarının şahidi olmuşam. 29 min nəfər gənci özündə birləşdirən Ağdam rayon təşkilatının uğurları rayonun siyasi-iqtisadi həyatını tam əhatə edirdi, bu məktəbin yetirmələri rayon və respublika əhəmiyyətli sahələrdə uğurla fəaliyyət göstərirdilər. Ağdam rayonunun gəncləri idarəetmə sisteminin ehtiyat kadr bankının yaradılmasına böyük töhfələr vermiş, indi də yenidən qurulan və bərpa olunan Ağdama qayıdış proqramlarına da dəstək göstərirlər. Vacib hesab edirəm ki, bu gün həyata keçirilən layihələrə vaxtilə işğala məruz qalmış, lakin məcburən iş yerlərini tərk etmiş yerli kadrlarımız kütləvi şəkildə cəlb edilsin, ehtiyac bilinən sahələr daha da möhkəmləndirilsin.

Vətənin bütün ümidi, gələcəyi gənc nəslin enerji və anlayışı ilə bağlıdır. Azərbaycan gəncliyi tariximizin ən şanlı səhifəsi olaraq Zəfərin qazanılmasında müstəsna qəhrəmanlıq göstərmişdir, ərazi bütövlüyünün qorunması, bərpası istiqamətində xidmətlərini ləyaqətlə davam etdirir.

Prezident İ.Əliyevin imzaladığı sərəncama əsasən, respublikamızda Yüksəliş müsabiqəsinin ardıcıl olaraq keçirilməsi də ona imkan yaradır ki, elmli, müasir düşüncə və idarəetmə qabiliyyətli gənclərimiz kadr bankının yaradılmasına böyük töhfələr versin.

Bu gün Gülüstan sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Yüksəliş müsabiqəsinin yarımfinalçı, finalçı və qalibləri arasında keçirilən intellektual yarışma da bir daha təsdiq etdi ki, Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarına sadiq qalaraq fəaliyyətlərini davam etdirir. Övladımın da bu uğurlu müsabiqədə iştirakı, gələcəyimizə hesablanmış platformalarda yer alması dövlətimizin gənclərə yaratdığı diqqət, qayğı və etimadın təsdiqidir.

Ulu öndər Heydər Əliyevin gənclərə ən böyük kapital kimi yanaşması, Prezident İlham Əliyevin yüksək qiymət verməsi onu deməyə əsas verir ki, gələcəyimiz gənclərin elmi, iradəsi və uzaqgörən düşüncəsi ilə bağlıdır!