02.07.2022, 17:29
AZ EN
02.04.2022, 09:00 3558

Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır

XƏBƏRLƏR

Kanada Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üzrə təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə hazırdır. Bu barədə Kanadanın xarici işlər nazirinin ölkə hökumətinə ünvanlanan petisiyaya cavabında deyilir.

"Kanada hökuməti Xocalı qətliamının dəhşətli faciə olduğunu qəbul edir və qurbanların xatirəsini dərin hüznlə yad edir. Kanada Xocalı qətliamı kimi dinc əhalinin faciəli itkisinin heç vaxt təkrarlanmamasını qətiyyətlə müdafiə edir", - deyə sənəddə bildirilir.

Qeyd edilir ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır.

"Kanada sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli mexanizmlərin yaradılması, Ermənistan və Azərbaycan arasında regional əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu tədbirləri üzrə liderlik səviyyəsində dialoqun davam etdirilməsinə çağırır", - deyə sənəddə bildirilir.

Bundan əlavə qeyd edilir ki, Kanada Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan tərəfləri ilə, eləcə də Kanadadakı yerli icma təşkilatları ilə daimi dialoqu davam etdirir. Bu dialoqa, 2021-ci ilin dekabrında Kanada Xarici İşlər nazirinin Kanada Azərbaycanlılar Şəbəkəsi ilə (KAŞ) və Kanadanın Azərbaycandakı və Ermənistandakı səfirlərinin KAŞ ilə görüşləri daxildir.

Qeyd edək ki, KAŞ tərəfindən hazırlanmış və Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü cənab Maykl Kuperin dəstəyi ilə dərc edilmiş rəsmi petisiya 1500-dən artıq Kanada vətəndaşının imzası ilə Xocalı qətliamının 30 illiyi ərəfəsində parlamentə təqdim edilmişdi.

KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdədir. ("Trend")

Oxşar xəbərlər