30.09.2022, 06:44
AZ EN
06.05.2022, 08:00 2241

Ermənilər depressiyadadır

XƏBƏRLƏR

May aynının 1-dən etibarən «B» variantına keçən erməni müxalifəti müxtəlif aksiyaların vətəndaş itaətsizliyi ilə əvəz olunması barədə çağırış etmişdi. Etiraz aksiyalarının təşəbbüskarı Artur Vanesyan və «Daşnaksütyun» partiyasının fünksiyaneri İşxan Sağatelyanın iqtidarın ünvanına səsləndirdikləri təhqir dolu ifadələr ilk vaxtlar soyuqqanlılıqla qarşılansa da, «Hraparak» media şirkətlər qrupunun yayımladığı videoçarxlardan aydın olur ki, mayın 4-də saat 5-in yarısında parlamentə gəlib deputat sorğularını cavablandıran baş nazir Nikol Paşinyana müxalifətçi deputat Armen Rustamyan tərəfindən dərhal siyasi ittiham irəli sürülüb. Sonra A.Rustamyan müxalifətin Paşinyana ünvanladığı məktubu oxuyub və deyib ki, özünə hörmət edən siyasətçi milli maraqlar naminə istefa verməlidir. Paşinyan bununla bağlı bir sıra həqiqətləri açıqlayıb. Deyib ki, 2020-ci il sentyabrın 27-də başlayan müharibənin dayandırılması, yaxud davam etdirilməsi üçün bütün siyasi partiyaların rəhbərləri ilə məshələtləşmə aparıb. Hamı yekdilliklə müharibənin davam etməsinin tərəfdarı olduğunu bildirib. Hadisələrin sonrakı gedişində isə lazım olan dəstəyi göstərməyiblər. Ona görə də Ermənistanın uduzması təkcə hökumətin deyil, həm də siyasi partiyaların, xüsusi ilə bu gün xalqı meydana çağıranların günahı ucbatından baş verib. Armen Rustamyanın replikasından sonra «Vətəndaş müqaviləsi»nin üzvləri əl çalaraq Paşinyanın dediklərini təsdiqlədiklərini bildiriblər və müxalifətçi deputatlar iclas salonunu tərk ediblər. Həmin gün parlamentin binasını zəbt etməyə çalışan aksiyaçılar isə oradakı çoxsaylı polis əməkdaşları tərəfindən ram ediliblər.

Ümumiyyətlə, Ermənistanda baş verən vətəndaş itaətsizliyi aksiyalarına münasibət birmənalı deyil.

«Fakt» qəzetinin 5 may tarixli sayında «Hayastan» fraksiyasının üzvü Geğam Manukyan ilə qısa müsahibə dərc olunub. O, bildirib ki, indiki hadisələr zamanı milli dəyərləri pozmamaq, vətənvərpər, milli ruhda olmaq, Ermənistan uğrunda mübarizə hazırlığı aydın oldu. Müxalifət Paşinyanın istefasından başqa heç nə istəmir. İlk dəfə M.Maştos prospektində «Nikolsuz Ermənistan» şüarının səslənməsinin təşəbbüskarı olan bu deputat həmkarı Anna Qriqoryanla birlikdə bütün səylərin «Türksüz Ermənistan», «Nikolsuz Ermənistan» yaradılmasına yönəldəcəklərini bu dəfə daha təhqiramiz ifadələrlə bildirib. Paşinyanı «ermənicə danışan Türk» adlandıran Anna Qriqoryan o, istefa verməyəcəyi təqdirdə ölkəni birdəfəlik tərk edəcəyini də dilə gətirib. Bununla bağlı parlamentin spikeri Alen Simonyan da öz fikrini bildirib. «Hraparak» qəzeti yazır ki, A.Simonyan Paşinyana və iqtidara hədə-qorxu gələn müxalifət liderlərini siyasi alverçilər adlandırıb və deyib ki, «bu siyasi alverçilər vaxtilə üzümüzə gülümsəyib, hansısa vəzifəyə təyin olunmaqlarını arzulayırdılar. Amma kimin-kim olduğunu yaxşı bildiyimizdən onlarla eyni komanda da təmsil olunmağı özümüzə sıxışdırmarıq. Onları millətin, dövlətin mənafeyi deyil, kimlərləsə ortaq olduqları biznes maraqları düşündürür».

Erməni mətbuatının gündəliyində keçmiş hərəkat iştirakçılarının da son olaylara münasibətləri özünə yer alıb. «Vətəndaş seçimi» sosial-demokrat partiyasının təsisiçilərindən olan Suren Sahakyan jurnalistin sualına cavab olaraq bildirib ki, hazırda ölkənin vətəndaşları 3 hissəyə bölünüb: Müxalifət, iqtidarı dəstəkləyənlər və bitərəflər. S.Sahakyanın araşdırmalarına görə, Ermənistanda müxalifətçilərin tərəfdarlarının sayı azdır. Onların əksəriyyəti Qarabağda doğulanlar və vaxtilə vəzifədə olanlardır. Özünün 2021-ci ildə siyasi fəaliyyətdən uzaqlaşdığını bildirən S.Sahakyan onu da vurğulayıb ki, Ermənistanda 30 ildən çoxdur ki, demokratiya, iqtisadi tərəqqi naminə deyil, məhz siyasi hakimiyyət uğrunda mübarizə gedir ki, bu da ölkənin inkişafına mane olur. «Çünki aparılan siyasi mübarizə çox primitiv üsullarla həyata keçirilir. Artıq əhali populist şüaralara və vədlərə inanmır».

Serj Sarkisyanın prezident olduğu dövrdə «Talana yox» hərəkatının təşəbbüskarı və təsisçisi olan Maksim Sarkisyan isə təzyiqlərə görə 5 ildən çoxdur ki, İsraildə yaşadığını qeyd edib və bildirib ki, indiki hadisələr başa düşülən deyil. «Bu heç bir yana aparmayan primitiv prosesdir», - deyə M.Sarkisyan erməni cəmiyyətinin depressiyasının uzun müddət davam edəcəyini də vurğulayıb.

Keçmiş hərəkat lideri David Sanasaryan isə etiraz aksiyalarının dayandırılmasına tərəfdardır və bunu belə əsaslandırır ki, «düşmən səni hədələyəndə sülhdən danışırsansa, o daha da cürətləndirir. Səni öldürmək üçün fürsət axtarır. Erməni dünyasında bu gün hər şey bir-birinə elə qarışıb ki, çoxları tərəddüd içindədir ki, gələcəyimiz necə olacaq», - deyə o, indiki halda hər bir hadisəyə soyuqbaşla yanaşılmasının vacibliyini bildirib. Əlavə edib ki, siyasi mübarizə demokratik cəmiyyətin prinsiplərindən biridir. «Amma bu zaman bir-birimizi türk adlandırmaqla heç nəyə nail ola bilmərik».

«Milli Demokratik Qütb» hərəkatının liderlərindən olan Vahe Qasparyan isə Levon Ter-Petrosyanı, Koçaryanı və Sarkisyanı SSRİ DTK-sının yetirmələri adlandırır və deyir ki, İqor Muradyanın «Qarabağ» komitəsinin rəhbərliyindən uzaqlaşdırılıb yerinə Levon Ter-Petrosyanın gətirilməsi DTK-nın planı idi. Koçaryan və Sarkisyan da onların yetirmələridirlər və hakimiyyətə də məhz onların sayəsində gəlmişdilər. Bu gün onların vətənpərvərlikdən, Ermənistanın gələcəyindən daşınmağa heç bir haqları yoxdur. Çünki vəziyyətin bu yerə gəlib çatmasında, N.Paşinyanın dediyi kimi, məhz onlar siyasi və mənəvi məsuliyyət daşıyırlar. Anti-Rusiya çıxışları ilə tanınan Vahe Qasparyan Paşinyanın istefası başa tutarsa, yeni müharibə olacağını da bildirib. Rusiya-Ukrayna müharibəsi barədə verilən suala isə konkret cavab verib: «Ukrayna qalib gələcək, Rusiya Qafqazdan çıxacaq».

Nəsib QARAMANLI

Oxşar xəbərlər