26.01.2026, 14:20
AZ EN
26.01.2026, 12:14 43

Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ildönümüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın ədəbiyyatşünas alimi, görkəmli maarifçi Firidun bəy Köçərlinin doğum günüdür. O, 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin mədrəsə məktəbində aldığı təhsildən sonra Şuşada rus məktəbinə daxil olub. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədilə bu məktəbə gələndə Firidun bəyi də Qori Müəllimlər Seminariyasında oxumağa aparır. Firidun bəy Köçərli 1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alır.

F.Köçərli yaradıcılığı boyu bir sıra istiqamətlər üzrə tədqiqatlar aparıb, tərcüməçi, pedaqoq, tarixçi və folklorşünas kimi böyük işlər görüb. Hələ gənc yaşlarından insanların maariflənməsi istiqamətində əsl fədakarlıq göstərib. Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda çalışan Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır. Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli mənsub olduğu xalqın yaddaşında ölümsüzləşən bir ziyalıdır.

Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 163-cü ildönümü tamam olur.

O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil edib. Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.

Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər