İslam Tapdıq oğlu Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. O, musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənib. Zülfi Adıgözəlov və Həqiqət Rzayevadan dərs alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.
Xanəndə "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahlarını məharətlə ifa edib. İ.Rzayev ifa etdiyi bir sıra mahnıların bəstəkarıdır. "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları bu gün də tamaşaçılar tərəfindən böyük sevgi ilə dinlənilir.
Xanəndə 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılıb. Xanəndə həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.
Ürəyə yatımlı səsi, xoş avazı olan, “Şöhrət” ordenli xanəndə 70-dən artıq qastrol səfərlərində olub. Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə o, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.
Hazırladı: Mina RƏŞİD