02.07.2022, 18:58
AZ EN
28.04.2022, 09:10 3652

ƏBƏDİYAŞAR ÖMÜR

XƏBƏRLƏR
  • 28 aprel görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru,  akademik Zərifə xanım Əliyevanın doğum günüdür.

İnsanın həyatında üç amil xüsusi rol oynayır. Əgər insan bu üç amilə sadiq qala bilirsə, o zaman həyatda istədiklərinə nail olmaq gücünü əldə edir. Fitri istedad, millətsevərlik, sənətinə qəlbən bağlılıq...

Zaman keçdikcə belə insanların qeyri-adi xidmətləri, ağır zəhməti şərəfli yolun zirvəsində bənd tutub. Onlar bu fitri istedadla yanaşı, özlərinin əməksevərliyi, təmənnasız xeyirxahlığı, qabiliyyətləri hesabına böyük zirvələr fəth etmək gücünə malik olurlar.

Ulu Öndər Heydər Əliyev Zərifə xanımla bağlı xatirələrində deyirdi: “O mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə xanım Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım vardı”.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət və ictimai-siyasi xadim, elm fədaisi, böyük şəxsiyyət Əziz Əliyevin ailəsində anadan olmuşdur. Atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi idi. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Təbii ki, insanın şəxsiyyət kimi formalaşmasında ailə əsas faktordur. Zərifə xanım da atasının ömür yolunu özünün əsl həyat məktəbi bilirdi. Belə bir məktəbdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz xarakterində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə yaşıdları arasında seçilib. O, səbrli, təmkinli və zəhmətsevərliyi sayəsində tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdır. Azərbaycan qadınının bütün gözəl cəhətlərini özündə cəmləşdirən Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgisini əsirgəmirdi. Belə düşünürdü ki, müalicənin uğurlu olması üçün həkimin ilk vəzifəsi xəstəsinin qəlbinə yol tapmasıdır. Axı, sevgi, şəfqət ən ağır xəstəliklərdə müsbət rol oynayır.

Zərifə xanım həkimlikdən akademik zirvəzinə qədər yüksəlmiş, Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patalogiyası laboratoriyaları yaradılmışdı. Gərgin elmi fəaliyyətlə məşğul olmasına baxmayaraq, O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan çalışırdı. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar  Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.

Özünün zəngin tibb təcrübəsinə əsaslanaraq gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş Zərifə xanımın özəl xüsusiyyətlərindən biri də o idi ki, həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Elə Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəməti və şəfqəti idi. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Tibb elminin inkişafına böyük töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı elmi tədqiqatları ilə böyük şöhrət qazanmış görkəmli akademik Zərifə xanım Əliyevanın çoxillik elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinə, vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərə görə orden və medallarla təltif olunmuş və bir sıra müəssisələrə, məktəblərə, küçələrə, parklara onun adı verilmiş, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallğını saxlayan, biliyi ilə yanaşı, insansevərliyi, qayğıkeş ana, vəfalı, fədakar ömür gün yoldaşı kimi işıqlı obrazı həmişə bizimlə olacaq, onun parlaq xatirəsi hörmətlə anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Bu gün böyük alimimizin ruhu çox şaddır. Çünki onun tərbiyəsi ilə böyüyən, dünyanın tanınmış şəxsiyyətinə çevrilən oğlu – Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Ordusu 30 il düşmən tapdağında qalan torpaqlarımızı azad edib, millətimizə Qələbə sevincini yaşadıb. 

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər