22.11.2024, 04:45
AZ EN
26.10.2024, 09:00 149

Bu gün polkovnik-leytenant Sadiq Məmmədovun anım günüdür

XƏBƏRLƏR
  • Sadiq həmişə fərqlənirdi, istər məktəbdə, idmanda, istərsə də seçdiyi hərb sənətində...  Anasının gözbəbəyi olan Sadiq insan kimi də hər kəsin yaddaşında gözəl bir iz qoymağı bacarıb. Müharibəyə yollananda papağını üç uşaq anası olan həyat yoldaşının başına qoyub. Cəbhədən evə zəng edəndə bir dəfə telefonu qızı götürüb. Qızından soruşub ki, dərslərinizi yaxşı oxuyursunuzmu? İstədiyi cavabı alan ata odun-alovun içindən övladına nəsihət etməyi unutmayıb. Deyib ki, qızım, dərslərinizdən əlavə kitablar da oxuyun, həmişə mütaliə edin...

44 günlük Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi, “Azərbaycan Bayrağı” ordenli polkovnik-leytenant Sadiq Sadəddin oğlu Məmmədovun bu gün anım günüdür. O, 1981-ci ildə Qax şəhərində dünyaya göz açıb. Ailənin birinci övladı olan Sadiq məktəbdə oxuduğu dövrlərdə təlim-tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Dəfələrlə şahmat və idman yarışlarında birincilik əldə edib. Sadiq 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olub, 2002-ci ildə həmin Akademiyanı leytenant rütbəsi ilə bitirib. Zabit kimi xidmətinə Salyan rayonunda "N" saylı hərbi hissədə başlayıb. Daha sonra bir neçə hərbi hissədə xidmətini davam etdirib. 22 illik xidməti dövründə nizam-intizamı, döyüş təcrübəsinə görə müxtəlif dərəcəli medallar və fəxri fərmanlarla mükafatlandırılıb, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib.

2016-cı il Aprel döyüşlərində iştirak edən Sadiq Məmmədov 2020-ci ilin 27 sentyabrından başlayan Vətən Müharibəsinin də qəhrəmanlarından biri olub.

Həyat yoldaşı Pərvanə Məmmədova, anası Səadət Məmmədova və atası Sadəddin Məmmədov Sadiqin vətəninə, dövlətinə və işinə bağlı olduğunu bildirir, onunla hər zaman fəxr etdiklərini söyləyirlər.

39 yaşlı Sadiq Məmmədov 24 oktyabrda Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. 

Şəhidimiz Qax şəhər Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

2006-cı ildə ailə həyatı quran Sadiq Məmmədovun 2 oğul və 1 qız övladı Vətənə yadigar qalıb.

Polkovnik-leytenant Sadiq Məmmədov vətənə olan vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR