30.09.2022, 07:15
AZ EN
04.07.2022, 08:45 1761

“Hamı məni tanıyacaq”- deyirdi

XƏBƏRLƏR
  • Ötən illər bizə necə amansız, beynəlxalq hüquq normalarını heç sayan bir düşmənlə mübarizə arapdığımızı göstərmişdi. 44 günlük Vətən müharibəsi isə bunun daha bir sübutu oldu. Müharibə qanunlarına görə cəbhə zonasında xidmət edən “ağ xalatlılara” atəş açmazlar. Lakin bu müharibədə 42 tibb işçisimiz şəhid oldu. Onlardan biri də  tibb xidməti leytenantı Turqut Xəlilbəylidir.

Hər kəsin dərdinə dərman olan əli şəfalı nur üzlü hərbi həkim...

Ondan yadigar qalan isə rəsmləri, rəsmlərdəki gülüşü, mənalı baxışı və əbədi olaraq tarixə yazdığı qəhrəmanlığı oldu...

Doğmalarının dediyinə görə Tovuz döyüşləri zamanı igid oğullarımızın şəhid olması onu dərin sarsıtmış, bir gün şəhidlik mənə də qismət olar deyirmiş... Atası Nadir Hüseynov deyir ki, onlar bizim namusumuz, qeyrətimizdir, şərəfimizdir. Otuz ilə yaxın idi ki, bizim papaqlarımız yerdə idi. Onlar yerə düşən papağımızı götürüb başımıza qoydular və dedilər ki, gedin, kişi kimi gəzin... Şəhidlərimizə elə-belə baxmaq olmaz.. Anası Almaz xanım isə deyir ki, mənim gülərüzlü balam çox savadlı idi, sevinirdim onun həkimliyi ilə. Turqut maraqlı söhbətlər edərdi bizimlə, belə günlərin birində dedi ki, ana, mən özümə elə bir ev alacam ki, hamı məni tanıyacaq...  Deməyəsən elə o vaxtdan şəhidliyi nəzərdə tuturmuş ağıllı balam. İndi mənim balamı, balamın evini hamı tanıyır...

Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur rayonunun Yəngicə kəndində anadan olub. Hələ uşaq vaxtlarından Vətənə, torpağa, müqəddəs bayrağımıza olan böyük sevgisi onu digərlərindən fərqləndirib.

O, 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı, hərbi tibb qulluqçusu Turqut Xəlilbəyli Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və qanlı döyüşlər zamanı dəfələrlə yaralı əsgər və zabitlərimizi döyüş zonasından çıxararaq onların həyatını xilas edib. Müharibənin ilk günündən valideynlərinə verdiyi sözə sadiq qalaraq yaralının ölməməsi üçün əlindən gələni edib. Doğmalarına isə deyirmiş ki, məndən narahat olmayın, Qarabağı işğaldan azad edəndən sonra görüşəcəyik... Hər dəfə yaralıları döyüş zonasından çıxaranda, onlara yardım edəndə Tanrıya şükürlər edirmiş. Oktyabrın 7-də Füzuli istiqamətində  döyüşlər getdikcə qızışırdı. Düşmən tərəfi hara gəldi güllələri yaşış kimi yağdırırdı.Yaralı əsgərlərimizin sayı-hesabı yox idi. Belə bir vəziyyətdə o, yaralı əsgərlərimizi xilas etmək məqsədilə birbaşa atəş zonasına dəfələrlə giriş edir. Lakin dördüncü dəfə düşmənin atdığı artilleriya mərmisi Turqutun yaxınlığına düşür, bu zaman Turqut heç kimin gözləmədiyi bir cəldliklə özünü yaralı əsgərin üzərinə atır və öz canı bahasına onu ölümün pəncəsindən qurtarır, özü isə qəhrəmancasına şəhid olur.

İgidimiz İkinci Şəhidlər Xiyabanında  canını uğrunda qurban verdiyi Vətən torpağına  əmanət olunub.

Leytenant Turqut Xəlilbəyli ölümündən sonra “Azərbaycan bayrağı ordeni”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

Ruhu şad olsun!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər