Vətən Müharibəsinin qəhrəmanlarından olan şəhid Rahib Ramil oğlu Cəbrayılov 2001-ci il dekabrın 26-da Yevlax şəhərində anadan olub. 2007-ci ildə Quşçu kənd ümumi orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-2018-ci illərdə Xaldan kənd tam orta məktəbində təhsilini davam etdirib.
Rahib hərbçi olmağı arzulasa da, səhhətindəki problemlər onun Hərbi Akademiyaya qəbul edilməsinə maneə olur. Hətta onu hərbi xidmətə də qəbul etmək istəmirlər. Ancaq Rahib bunu özünə sığışdırmır və dəfələrlə müraciət edərək könüllü 2020-ci il mayın 27-də hərbi xidmətə yollanır. O, Vətənə borcunu Füzulinin Kürmahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirməyə başlayıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Rahib Cəbrayılov bir əsgər kimi Suqovuşan döyüşlərində iştirak edərək, mərdliklə savaşıb. Rahib Cəbrayılov 2020-ci il sentyabrın 28-də qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz dogma Yevlaxda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rahib Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Bu gün qəhrəman şəhidimiz Rahib Cəbrayılovun doğum günüdür. Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Rahib balamız!
Mina RƏŞİD