01.06.2023, 23:44
AZ EN
17.06.2022, 09:00 1641

Laçında şəhadətə yüksəldi...

XƏBƏRLƏR
  • “Qisasın alındı, əziz qardaşımız Osman Cəfərov” – döyüşçü dostları bu sözləri Laçın dağlarını düşməndən azad etdikdən sonra qarlı bir zirvədə dayanaraq söyləyib və şəhid dostlarının xatirəsinə ehtiramlarını avtomat silahlardan yaylım atəşi açmaq­la bildiriblər. Osman məhz bu dağlarda düşmənlə üzbəüz döyüşdə şəhidlik zirvəsinə yüksəlib... O, Füzulidən Laçınadək erməni işğalçılara qarşı böyük cəsarətlə döyüşüb və 22 yaşında torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verib. Yaşasaydı, bu gün 24 yaşı tamam olacaqdı...

Osman Elsevər oğlu Cəfərov (Cəfər) 1998-ci il iyunun 17-də İmişli rayonunun Otuzikilər kəndində anadan olub. Ailədə iki qardaş idilər. Osman 2005-2016-cı illərdə İmişli şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb.  Ailədə, sinif yoldaşları arasında deyib-gülən, şən və zarafatçıl bir oğlan idi. Dərslərini də çox yaxşı oxuyurdu. Orta təhsilini başa çatdırdıqdan sonra ali məktəbə qəbul imtahanında uğurlu nəticə göstərərək, Azərbaycan Memarlıq və İnşaaat Universitetinin “Sənayenin təşkili və idarə olunması” ixtisasına daxil oldu. Tələbə yoldaşlarının və müəllimlərinin hörmət və ehtiramını qazanmışdı, çalışqanlığı ilə seçilirdi. 2020-ci ildə universitetin bakalavr pilləsini əla qiymətlərlə bitirən Osmanın oxuduğu dörd il ərzində heç bir kəsri belə olmamışdı.

Osman universiteti bitirən kimi hərbi xidmətə getmək qərarına gəldi. Əslində, hərbi həkim komissiyası onu xidmətə yararsız hesab etmişdi. Lakin bu vətənpərvər və cəsur gənc orduda xidməti özünə borc bilirdi. Axır ki, rəsmi müraciəti əsasında Osman 2020-ci il iyulun 11-də hərbi xidmətə yollana bildi. 44 günlük Vətən müharibəsi başlananda o, 3 ayın əsgəri idi. Ancaq qəlbində vətən sevgisi Osmanı da düşmənə qarşı mübarizədə cəsarətlə vuruşmağa, onları torpaqlarımızdan qovmağa ruhlandırdı.

Döyüşlərdə xüsusi igidlik göstərən 22 yaşlı əsgər Cəbrayıl və Qubadlının işğaldan azad olunmasında iştirak etdi. 2020-ci il noyabrın 4-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Osmanın nəşi 2020-ci il noyabrın 22-də doğulduğu İmişli rayonuna gətirildi və orada dəfn edildi.

Ölümündən sonra Osman Cəfər "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin.

Oxşar xəbərlər