09.02.2023, 14:17
AZ EN
10.06.2022, 08:40 1618

Zəfərə bir gün qalmış...

XƏBƏRLƏR
  • Müqəddəs torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçən qəhrəmanlarımızdan biri də Ayaz İbrahimovdur.

Ayaz Sultan oğlu İbrahimov 1998-ci il iyunun 10-da Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. Həmin kənddəki tam orta məktəbi 2015-ci ildə bitirib. 2016-cı ildə isə həqiqi hərbi xidmətə yollanıb. Xidməti başa çatdıqdan sonra orduda qalmağı qərara alıb. Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Böyük arzularla yaşayan vətənpərvər igidimizin amallarından biri öncə torpaqlarımızı düşmən tapdağından azad etmək olub.

Tərkibində Ayazın da olduğu xüsusi təyinatlılar 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstəriblər. Gənc döyüşçü Xocavənd və Şuşa uğrunda vuruşub, daim öndə addımlayıb, şücaət göstərib. O, Şuşanın fəthində, bu qədim şəhərin erməni faşistlərindən təmizlənməsində iştirak edib. Üçrəngli bayrağımızın bu müqəddəs tor­paq­larımızda dalğalanmasının, böyük qələbənin şahidi olub. Düşmənin təslim aktını imzalamasından bir gün əvvəl, noyabrın 9-da Şuşada şəhidlik zirvəsinə yüksəlib.

Ayazı uşaq yaşlarından tanıyan, ona dərs deyən müəllimi Zakir Orucov sevimli şagirdi haqqında deyir:  “Salam olsun o müqəddəs ruhuna, əziz şagirdim, kəndimizin igid oğlu, fəxrimiz, qürurumuz, Ayaz. Zaman necə də sürətlə keçir. Sanki dünən idi valideynlərinin əlindən tutub utancaq, çəkinə-çəkinə, həyəcanla məktəbə gəldiyin gün. Kim deyə bilərdi ki, gün gələcək və sən Qarabağda dastan yazan oğullardan olacaqsan. Bilmirəm, adını sən qoy: qismət de, tale de, ömür yolu de, könlündən nə keçirsə, de… Amma bir reallıq var ki, sən vətənpərvər ruhda böyüdün və hərb sənətini seçdin. 2018-ci ildə ömrünü bu sahəyə bağladığını eşidəndə müəllimin olaraq çox sevinmişdim. Vətən müharibəsində iştirak edib Şuşaya qədər şərəfli döyüş yolu keçməyinlə hamımızı qürurlandırdın. Böyük Qələbəni təmin edənlərdən olsan da, təəssüf ki, Zəfər Gününü görmək sənə nəsib olmadı. İndi Şuşa səması, Qarabağ torpağı sənin kimi igid oğulların şirin canı hesabına Azərbaycan bayrağına bürünüb. Sən isə elinə-obana, doğulub boya-başa çatdığın kəndə şəhid ucalığınla qayıtdın. Məzarın and yerimizdir, vüqar ünvanımızdır, Ayaz.

Sən ölməmisən, sənin ömrün dünya qədərdir. Şəhidliyinlə ölümsüzlük qazanmısan, əziz şagirdim. İnan ki, bir müəllim üçün çətindir bu sözləri qələmə almaq. Qarışıq hisslər içindəyəm. Ən çox bunu hiss edirəm ki, mən səninlə qürur duyuram, Ayaz!”.

Müəlliminin də dediyi kimi, noyabrın 13-də Azərbaycanın üçrəngli bayrağına bükülüb yola salınan qəhrəmanımızı təkcə doğmaları deyil, eli-obası da fəxrlə qarşılayıb. O, Babək rayonunun Məmmədrza Dizə kəndində dəfn edilib.

Ayaz İbrahimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olumasına görə” medalları ilə təltif edilib.

Uca Tanrı bütün şəhidlərimizə rəhmət eləsin.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər