Rəvanda hələ lap uşaq ikən müsiqi istedadı öünü büruzə verib. O, 2007-ci ildə Quba şəhərindəki Zaur Cəfərov adına 3 saylı tam orta məktəbə gedib və ikinci sinifdən, eyni zamanda, Quba Şəhər İncəsənət Məktəbinin tar sinfində təhsil almağa başlayıb. O, həmçinin fortepiano dərslərinə də gedib. Gözəl şeirlər yazır, mahnı bəstələyirdi. Musiqi təsili alsa da, futbolla da ciddi məşğul olub və idman uğurlarına görə fəxri fərmanlar alıb. 2016-cı ildə isə Bakı İdarəetmə və Texnologiya Kollecinə daxil olub.
2019-cu ilin 5 iyulunda hərbi xidmətə yola düşən Rəvan Əliyev 2020-ci ilin payızında təcrübəli əsgər kimi Vətən müharibəsində iştirak edib. Ağdam, Cəbrayıl, sonra isə Zəngilan uğrunda döyüşüb. 23 oktyabr 2020-ci ildə Zəngilanın Ağbənd kəndi uğrunda gedən döyüşlərdə yaxınlığına düşən mərminin zərbəsindən özünü itirməyib və döyüşü davam etdirib. Lakin növbəti mərminin qəlpələri onun həyatına son qoyub. Son nəfəsinə qədər vuruşduğu və şəhid olduğu yerə döyüş dostları “Rəvan postu” adı veriblər. Doğma Quba rayonunda isə şəhidin adına küçə var.
Rəvan Əliyev Quba Şəhidlər Xiyabanında dəfn edilib.
Rəvanın yeganə bacısı Ləmanın deyir: “Əsgərliyə getməyinə bir- iki gün qalmışdı. Adına süfrə açıldı, dualar edildi. Çünki evimizin tək oğlu igid əsgərimiz yola çıxırdı. Sağ-salamat gəlsin, - deyə o qədər dualar edirdik... O isə tələsirdi, gün sayırdı: “Niyə belə həyacanlısan? Niyə gün sayırsan? Niyə tez getmək istəyirsən?” O qədər suallar verirdik ki...”
Şəhid qardaşının ruhu ilə danışırmış kimi Ləman sözünə davam edir: “Biz sənin gedişinə pis olanda sən səbirsizlənirdin getmək üçün. İgidliyin ordan bəlli idi əsgərim, gün sayıb getmək üçün can atanda...Biz də səni yola salıb gün saymağa başladıq...
Sən hər bazar günü zəng edirdin, səsini eşidib elə sevinirdik... Sadəcə səsin bəs edirdi bizə, əsas o idi ki, sən yaxşı idin. Amma hər sağollaşanda mən saydığım günləri sənə deyirdim. Bir az sakit durub sonra pıçıldayaraq “Ləman, mən gəlməyəcəm, baxarsan”, - deyirdin. Hiss etmişdin gəlməyəcəyini və hər zəngində deyirdin... Sanki bizi buna hazırlayırdın. Müharibə başlamamışdan bir neçə gün qabaq zəng edib uzun-uzun danışdın və son dəfə 15 sentyabr 2020-ci ildə səsini eşitdik. Oktyabrın 28-də səndən xəbər gəldi.. O xəbər dünyamızı başımıza yıxdı... Unudulmayacaqsan qəhrəmanım!”
Qısa və şərəfli ömür yaşayan 18 yaşlı Rəvan Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ