30.09.2022, 06:19
AZ EN
17.05.2022, 16:50 1789

Bəhruz ailənin sonbeşiyi və sevimli övladı idi...

XƏBƏRLƏR
  • 17 may 1992-ci il - Qəhrəman və igid oğullarımızdan biri, Birinci Qarabağ müharibəsinin şəhidi Bəhruz Quliyev Xuduş oğlunun həlak olduğu gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Quliyev Bəhruz Xuduş oğlu 1972-ci il martın 11-də gözəl bir yaz günündə Qarabağın döyünən ürəyi Ağdamda dünyaya gəldi. Heç kim ağlına belə gətirməzdi ki, doğulandan Tanrının öz nurunu üzündən, gözlərindən, baxışlarından belə əsirgəmədiyi bu uşaq ömrünün iyirminci baharında şəhid olub, doğmalarını həmişəlik tərk edəcək və əbədiyyətə qovuşacaq.
Uşaqlıqdan öz cəsarəti və dəliqanlılığı ilə həmyaşıdlarından fərqlənən Bəhruz, yeniyetməlik çağında da yaşından irəli həyata baxışı, dərrakəsi, istiqanlılıgı ilə doğmalarının, dostlarının və onu tanıyan bütün insanların dərin hörmətini qazanmışdı.
1990-cı ilin mayında onu həqiqi hərbi xidmətə çağırıb, Rusiyanın Volqoqrad vilayətinə göndərdilər. Doğmaları Bəhruzu böyük bir şadyanalıqla əsgərliyə yolladılar. Amma böyüyüb boya-başa çatdığı doğma Qarabağ torpaqlarından aldığı xəbərlər qərib eldə Bəhruzun dəhşətli yuxularına çevrilmişdi.
Fevralın 26-da baş verən Xocalı müsibətindən sonra Bəhruz sovet ordusunda xidmətini yarımçıq qoyub Azərbaycana qayıtdı. Vətənə döndüyü gün şəhidlik zirvəsinə ucalacağı tarixin başlanğıcı oldu… O, bütün bu hadisələri dərin ürək ağrısı ilə izləyirdi. Ürəyində bir istəyi vardı: könüllü olaraq savaşa qatılmaq, el-obanın keşiyində dayanan qəhrəman oğullara qoşulmaq, düşməni geri oturtmaq. Bəhruz Ağdama qayıtdığı ilk günlərdən Vətənin bütövlüyü naminə silaha sarılıb, Milli Qəhrəman Allahverdi Bağırovla birlikdə döyüşdü. Az sonra isə, Hərbi Komissarlığın göndərişi ilə Ağdam cəbhəsində yerli ,,N” hərbi hissəsində qulluğa göndərildi.
Azərbaycanın Milli Qəhrəmanı Fred Asiflə çiyin-çiyinə Əsgəran, Naxçivanik, Şelli, Xramord və digər istiqamətlərdə gedən döyüşlərdə yaxından iştirak edən Bəhruz Quliyev döyüşlərdə şəxsi cəsarət və igidlik nümunəsi göstərirdi. Çiynində daşıdığı ağır qumbaraatan silahla dəfələrlə düşmənin PDM-ni vurması, neçə-neçə erməni quldurunu qətlə yetirməsi, öz həyatını riskə ataraq çətin durumda qalan döyüş yoldaşlarını xilas etməsi, erməni işğalçılarının əlinə keçməsin deyə meyit və yaralıları geriyə daşıması… Bu xatirələri Bəhruzun valideynlərinə başsağlığına gələn döyüş yoldaşları və hərbi hissə komandiri ürək ağrısı ilə danışırdılar.
1992-ci ilin mayın 17-də şəhidlik zirvəsinə ucaldı iyirmi yaşlı Bəhruz Quliyev. Həmin günlərdə Ağdama od ələndiyindən onu Bərdənin İmamzadə qəbiristanlığında dəfn etdilər. Dostları və doğmaları üçün dəyərli Bəhruzun itkisi olduqca ağır idi… Anası Emeliya xanım oğul dağına dözə bilməyib dünyasını vaxtsız dəyişdi. Axı Bəhruz ailənin sonbeşiyi və sevimli övladı idi. Ən təsirlisi isə ana öz oğlunun doğum günü həyata gözlərini əbədi yumdu. İndi məzarlıqda qoşa uyuyan ana və oğulun ruhu şaddır. Axı, 44 günlük müharibədə qazandığımız zəfərlə həm şəhidlərimizin qısası alındı, həm də torpaqlarımız işğaldan azad edildi. İndi Qarabağımızda, o cümlədən Ağdamda üçrəngli bayrağımız qürurla dalğalanır. 

Mənbə: http://aktualxeber.az/?p=20038

Oxşar xəbərlər