30.09.2022, 07:01
AZ EN
04.05.2022, 08:40 2524

Vətənin qəhrəman qızı

XƏBƏRLƏR
  • Azərbaycan qadınları  təkcə Vətən üçün oğul böyütməyib, eyni zamanda Vətən uğrunda canından keçməyi, Vətənə layiqli övlad olmağı bacaran qızlar da böyüdüb və böyüdür.  Belə qəhrəman qadınlarımızdan biri də Arəstədir.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi tibb bacısı Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də  Xaçmaz rayonunda dünyaya göz açıb. Yaşasaydı bu gün 33 yaşı olacaqdı...

Arəstənin atası Kərim Baxışov Çernobıl faciəsi zamanı xilasetmə əməliyyatında əlil olub, veteran idi. Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə atasının hərbi paltarını geyinib, “mən də hərbçi olacağam”- deyib və bu arzu ilə də böyüyüb.

Arəstə Baxışova 1995-2004-cü illlərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. Sonra isə tibbi kurs keçib.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə N saylı hərbi hissədə operator vəzifəsində çalışıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladığı ilk gün o, hərbi formada evə gəlib və anasına deyib ki, ana, mən könüllü cəbhəyə yazılmışam. Ordumuzun yaralı əsgərlərinə köməyə gedirəm. Vətən uğrunda şəhid olacağamsa, bu, mənim alın yazım, mənim qürurumdur, mənim başımın ucalığıdır. Sonra əlavə edib ki, ana, əgər mənə bir şey olsa, övladlarım sənə əmanətdir...

Müharibənin qanlı-qadalı günlərində Arəstə arxada buraxdığı anası və ikiövladı  üçün də narahat idi və tez-tez əlaqə saxlayıb. Oğlu və anası ilə telefon danışıqları zamanı deyib ki, narahat olmayın, hər şey yaxşıdır, tezliklə qələbə bizim olacaq. Ordumuzda böyük ruh yüksəkliyi var. Gənclərimiz canla-başla döyüşürlər.

O, Füzulinin, Zəngilanın və Qubadlının  azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. Oktyabrın 23-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

İgid qızımız Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilib.

Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Özündən sonra yadigar qalan iki övladı -  11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra indi nənələrinin himayəsində böyüyürlər.

Allahdan şəhid qızımıza rəhmət diləyirik.

 Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər