"Vətən səsi" xəbər verir ki, bunu siyasi ekspert Zaur Məmmədov sülh mətni üzərində əldə edilən razılaşmadan sonra danışıqlar prosesinin lənğiməsi ilə bağlı səsləndirilən fikirləri şərh edərkən belə deyib. O, sülh sazişinin mətninin razılaşdırılmasından sonra bu müstəvidə fəallığın azalması fikrini bölüşsə də ümumilikdə proses dayanmadığı qənaətindədir: " Çünki sülh mətni üzərindəki razılaşmadan əvvəl Azərbaycanın tələbləri məlum idi. Əsas tələblər ondan ibarət idi ki, sülh prosesi dolğun olmalıdır və natamam olmamalıdır. Çünki hər hansı natamamlıq sonradan yeni müharibəyə gətirib çıxara bilər. Ona görə də gələcəkdə belə risklərin ortaya çəxmaması üçün bütün tələb və şərtlər yerinə yetirilməlidcir. Gələcək təhlükələrə qarşı olan tələblər də məlumdur, Ermənistan bu tələbləri yerinə yetirməyincə sülh sazişinin imzalanması real görünmür".
Politoloq hesab edir ki, bu məsələdə Azərbaycanın əsas tələbləri ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması ilə bağlıdır. Zaur Məmmədov fikrincə, Ermənistan tərəfi hər iki şərti yerinə yetirməyə hazır olduğunu bəyan etsə də, məsələyə fərqli yanaşır: "Yəni, İrəvan yeni konstitusiya qəbulunu 2026-cı ilə saxlayıb. Minsk qrupu ilə bağlı məsələyə gəlincə, Ermənistanın Baş naziri deyir ki, bu məsələni sülh razılaşması ilə birlikdə həll etmək istəyir. Amma sülh mətninin imzalanması üçün Ermənistan konstitusiyasında da dəyişiklik edilməlidir. Bu isə bir qədər vaxt aparan bir prosesdir. Buna baxmayaraq, yaxın aylarda sülh razılaşmasının paraflanmış variantını imzalamaq mümkündür. Lakin yenə də bir çox məsələlər Ermənistan hökumətinin davranışlarından asılı olacaq. İndiki məqamda Ermənistanın irəliyə doğru addım atmaması proseslərdə böyük çətinliklər yarada bilər. Çünki Ermənistanın daxilindəki anti-hökumət qüvvələri, xaricdəki dairələr, xüsusilə erməni diasporu və kilsəsi sülh razılaşmasına gedən yolları bağlamağa çalışır. Bu baxımdan da Paşinyan sülh məsələsində tələsməsə, regionu böyük risklər gözləyir".
Elxan SALAHOV