Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları bu gün öz peşə bayramlarını qeyd edirlər. Bu əlamətdar tarix 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətində kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.
28 martın dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə Prezident Sərəncamını ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzalayıb.
Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşlıqdan bu orqanın rəhbəri və general rütbəsinədək yüksələn Ulu Öndər Heydər Əliyev deyirdi: “Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun”.
Zəngin tarixi olan Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanları – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti bu gün ölkə Konstitusiyasında müəyyənləşdirilmiş məsul vəzifələri və möhtərəm Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları layiqincə yerinə yetirirlər. Bu orqanlarda dövlətçiliyimizə sədaqətli, vətənpərvər və cəsur insanlar, əsl peşəkarlar xidmət edirlər. 44 günlük Vətən müharibəsində onlar düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı Qələbənin qazanılmasında böyük qəhrəmanlıqlar göstəriblər, hazırda isə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə öz töhfələrini verirlər.
Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət orqanlarının bütün əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edir, onlara xidməti vəzifələrinin icrasında uğurlar, şəxsi həyatlarında xoşbəxtlik arzulayırıq!