16.12.2024, 18:33
AZ EN
23.02.2024, 08:43 298

Xocalıda Azərbaycan Bayrağının dalğalanması Ermənistana və havadarlarına göz dağıdır

XƏBƏRLƏR
  • Həmin o dəhşətli soyqırımından 32 il keçir. Lakin heç zaman unudulmayıb, sanki bu faciə dünən baş verib. Bəşəriyyətdə analoqu olmayan erməni vəhşiliyi, erməni qəddarlığı nəticəsində bir günün içərisində böyük bir rayon yerlə-yeksan edildi, qoca, qadın, uşaq, xəstə qəddarcasına qətlə yetirildi. İnsanlığa yaraşmayan bu vəhşiliyə biganə qalan insan hüquq və azadlıqlarının “carçıları” bu gün də siyasi riyakarlıqlarını nümayiş etdirirlər. Həmin beynəlxalq təşkilatlar dərk etmək istəmirlər ki, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sıradadır. Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, hər il ənənəvi olaraq minlərlə insanın iştirakı ilə Bakıda “Ana harayı” abidəsinin önündə Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimi keçirilir. Xatırladım ki, iki il əvvəl-Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib. Yürüşdə on minlərlə insan, o cümlədən dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də yürüşdə iştirak etmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Xocalı soyqırımı, bu faciənin qurbanları heç vaxt unudulmur və unudulmayacaq. Ulu öndər Heydər Əliyev də Xocalı soyqırımının dəhşətli faciə olduğunu bildirmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür”.

Komitə sədri Prezident İlham Əliyevin də Xocalı faciəsinin dəhşətli soyqırımı olması barədə fikirlərini xatırladıb: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Ç.Qənizadə həmin dövrdə ölkəyə rəhbərlik edənlərin naşılığı, qorxaqlığı və cəsarətsizliyi ucbatından Xocalı soyqırımına hüquqi, siyasi qiymət verilmədiyini xatırladaraq deyib ki, ermənilərin törətdikləri bu faciə haqqında həqiqətlərin dünyaya çatdırılması yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıdışından sonra açıqlanmışdı. 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi “Xocalı soyqırımı günü” kimi qəbul edildi. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”, - deyən Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin soyqırımınını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və müəllifliyi ilə “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Ç.Qənizadə deyib ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində yenilməz Ordumuz 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. (AZƏRTAC)

Oxşar xəbərlər