Səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikanlı məftilli divarı sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub. Bundan sonra Texasda "Texit" (ştatın Şimali Amerika əyalətindən ayrılması) tərəfdarları yenidən ayağa qalxıb.
“Texit” hərəkatının lideri Daniel Miller bu vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb. Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb.
Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, Texit-dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələndi.
İdeya uğursuzluğa düçar olsa da, Miller hesab edir ki, ayrılmaya doğru hərəkət artıq davam edir. “Hesab edirəm ki, federal hökumətin irəlilədiyi trayektoriya, Texasın irəlilədiyi trayektoriyadır - biz bu istiqamətdə irəliləyirik... Düşünürəm ki, 30 ildən sonra Texas müstəqil dövlət olacaq”, - deyə fəal bildirib.
Öz növbəsində ştatın vitse-qubernatoru da ABŞ prezidenti Cozef Baydenə güc strukturları ilə qarşıdurmada “yoldan çəkilməyi” və vəziyyəti gərginləşdirməməyi məsləhət görüb. Vitse-qubernator bildirib ki, güc strukturları ilə qarşıdurmaya gedəcəyi halda Bayden administrasiyası ən böyük səhvini buraxmış olacaq. “Sərhəddə bizim milli qvardiya ilə qarşıdurmaya getmək Bayden administrasiyasının ən böyük səhvi olacaq. Biz Amerika xalqının istədiyini həyata keçirməklə məşğuluq”, - o deyib. Beləliklə, 1836-1845-ci ildə mövcud olan Texas dövlətinin yaradılması yenidən gündəmə gətirilib. Dünyanın müxtəlif ölkələrində (daha dəqiq ifadə etsək, Türkiyə və Azərbaycan) separatizm əhval-ruhiyyəli çıxışlar baş qaldıranda bunu xalqların hüququ olduğunu iddia edən Birləşmiş Ştatlar görəsən bu hadisəyə necə reaksiya verəcək? Texasın ayrılmasına razılıq verəcək, yaxud baş qaldıran hərəkatı qan içində boğacaq? Hər halda ehtimal etmək olar ki, ikinci variant üstünlük verəcək.
Vaşinqtonun dünyanın müxtəlif ölkələrində separatizmə dəstək verdiyini sübut edən çoxsaylı faktlar mövcuddur. Məsələn, Türkiyə torpaqları hesabına dövlət qurmağa can atan kürd separatçılarına göstərdiyi hərtərəfli dəstəyi yada salaq. Terrorçuların mübarizəni azadlıq mübarizəsi sayan konqresmen və senatorların sayı isə onlarcadır. Separatçıların silahlandırılması, onların ayaq üstə qalmalarının səbəbkarı da məhz Qərb, ABŞ və ona bağlı qurumlardır. Dəfələrlə də rəsmi Ankara bunu bəyan edib.
Və yaxud Qarabağda keçmiş separatçı rejim göstərilən yardımları yada salaq. Elə ötən il noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan bədnam S.3000 qanun layihəsinə də bu prizmadan baxmaq gərəkdir. Qanun ABŞ prezidentinə Azərbaycanla bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Bədnam düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Düzəlişlə bağlı müzakirələr də birbaşa separatizmin dəstəklənməsi deməkdir. Separatizmdən söz düşmüşkən, ABŞ bu hərəkatı Çinə qarşı da aparır. Bu ölkəni dəfələrlə insan haqlarını pozmaqda, Tayvana qarşı zorakılıqlar həyata keçirməkdə ittiham edir. Qarşı tərəf də bunu cavabsız qoymur. Hər il təqdim olunan hesabatlarda ABŞ-nin separatizmi dəstəkləməsini sübut edən çoxsaylı faktlar barədə danışılsa da, Vaşinqton öz ampuluasındadır.
Onun ən böyük qərəzi, ikiüzlülüyü Tayvanla da bağlı tutduğu mövqedə üzə çıxır. Məsələn, bir tərəfdən deyir ki, Çinin ərazi bütövlüyünü dəstəkləyir, digər tərəfdən də Tayvanı silahlandırır. Pekin də bu səbəbdən dəfələrlə bəyan edib ki, Vaşinqton Tayvanın Çinə sülh yolu ilə birləşməsini dəstəkləməli və adanı silahla doldurmağı dayandırmalıdır.
Beləliklə, ABŞ çətin durumdadır. Separatçı əhval-ruhiyyənin digər ştatlarda artacağı ehtimal edilir. Hər halda ümid etmək olar ki, bəlkə bu hadisədən sonra Ağ Ev dünya boyu separatçı hərəkatlara açıq və birbaşa dəstəyi dayandıracağına ümid etmək olar. (Report)