23.12.2024, 09:43
AZ EN
30.11.2023, 15:41 300

Ermənistan parlamentindəki dindirmələr separatçıları üz-üzə qoyub

XƏBƏRLƏR

Özünü buraxmış qondarma "Artsax respublikası"nın  keçmiş "müdafiə naziri” Samvel Babayan dünən Ermənistan parlamentinin 44 günlük müharibə şəraitini araşdıran İstintaq Komissiyasında verdiyi ifadə Qarabağdan qovulmuş separatçıları arasında ciddi narazılıqlar yaradıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatında müxtəlif səpkili məlumatlar yayılıb. “Hraparak”ın nəşrində dərc olunmuş məqalədə bildirilir ki, Samvel Babayan dünən 3 saata yaxın davam edən dindirmə zamanı qondarma rejimin keçmiş rəhbərlərinin əleyhinə açıqlamalar verib. O, İkinci Qarabağ müharibəsi və bu ilin sentyabrında keçirilmiş aniterror tədbirlərində separatçıların biabırçı şəkildə məğlubiyyətə uğramasının səbəblərindən danışarkən bildirib ki, bölgədəki ermənin silahlı dəstələrinin imkanlarından lazımi qaydada istifadə olunmayıb. Üstəlik bölgədə yaranmış ictimai-siyasi vəziyyət, hərbi əməliyyatların planlaşdırılması İrəvandakı mərkəzi hökumətlə kordinasiya edilməyib. Bu, azmış kimi qondarma "Artsax"ın sonuncu başçısı Samvel Şahramanyan separatçıların keçmiş rəhbərləri vasitəsilə Ermənistanda planlaşdırılmış “hakimiyyət dəyişikliyi”nin həyata keçirilməsinə razılaşıb.

Samvel Babayan qondarma rejimin keçmiş "prokuror"u  və "dövlət naziri” vəzifəsini tutan Qurgen Nersisyanı yalançılıqda, fırıldaqçılıqda ittiham edərək onu “axmaq” adlandırıb. O, 44 günlük müharibədən sonra guya, qondarma “Artsax respublikası"nın prokurorluğunda dindirildiyi barədə iddiaları da rədd edib.

Qəzet yazır ki, özünü buraxmış separatçı rejimin keçmiş "müdafiə naziri”nin Ermənistan parlamentində yaradılmış müvəqqəti komissiyada dindirilməsindən sonra Nersisyan özü də mətbuata açıqlama verərək Babayanın dediklərinin yalan olduğunu söyləyib. Samvel Babayanı “yalançı” adlandıran Qurgen Nersisyan deyib ki, keçmiş "müdafiə naziri” Qarabağdakı 44 günlük müharibəyə görə dindirilməsi faktını inkar edə bilməz: "Babayan dindirilib və buna dair faktlar var. Görünür, o, ümid edir ki, biz həmin cinayət işinin materiallarını tamamilə yandırmışıq. Amma yanılır, həmin materialların elektron, rəqəmsal variantları da mövcuddur. Mən Samvel Babayanın dindirmə zamanı söylədiklərinin hamısını  rəqəmsallaşdırmışam. Əminliklə deyirəm ki, Babayan dindirilib”.

Qurgen Nersisyan onu da əlavə edib ki, Samvel Babayan 44 günlük müharibənin acı nəticələri və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyannamə ilə bağlı başlanmış cinayət işi çərçivəsində qondarma “Artsax respublikası"nın Təhlükəsizlik Şurasının keçmiş katibi kimi dindirilib: "Babayan 44 günlük müharibə zamanı Təhlükəsizlik Şurasının katibi olub. Buna görə onu dindirməyə çağırmışdıq. Müharibə bitəndən sonra isə ağlına nə gəldi danışırdı. O, hər şeyə görə günahı başqalarının üzərinə atıb”.

Nersisyan deyib ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin 44 günlük müharibədə uğursuqıluğa düçar olmasında Samvel Babayanın da böyük məsuliyyəti var. Onun sözlərinə görə, Babayan xüsusilə Hadrut və Şuşanın itirilməsinə görə günahkardır: "Çünki Babayan o dövrdə Təhlükəsizlik Şurasının katibi idi. Onun həm ”Artsax"ın lideri Arayik Arutyunyana, həm də Ermənistanın baş naziri Nikol Paşinyana birbaşa çıxış imkanları və real vəziyyət barədə məruzə etmək səlahiyyətləri vardı. O, onların hər ikisinə deyə bilərdi ki, "Artsax ordusu"nun cənub istiqamətində apardığı əməliyyat fəlakətlə nəticələnə bilər, səhvdir, bunu etməyin. Ancaq Samvel Babayan vəziyyəti düzgün qiymətləndirməyi bacarmadı, səlahiyyətlərindən istifadə edib bu təhlükəli əməliyyatı dayandırmadı. Dindirilmə zamanı biz ondan soruşduq: “Siz o əməliyyatın qarşısını almaq üçün nə etmisiniz? Deməyə səlahiyyətiniz var idimi ki, dostlar, səhv edirsiniz?". Təhlükəsizlik Şurasında çox məsələlər müzakirə olunur, amma Samvel Babayan qətiyyət göstərmədi və biz çox böyük uğursuzluğa düçar olduq. O, məğlub olmuş hərbçi kimi fikrini müharibədən sonra, hər şey əldən gedəndə deyil, elə o vaxt deməli idi. Cənub cinahının müdafiəsi və əks-hücum üçün hazırlanmış əməliyyat nəticəsində biz “Artsax”ın bütün cənub qanadını itirdik, azərbaycanlılar Hadrut ərazisinə daxil oldu, irəlilədi. Bunun ardınca Azərbaycan ordusu erməni ordusunun müdafiə mövqeyindəki boşluğu taparaq orada Şuşaya daxil oldu və şəhəri tamamilə ələ keçirdi. Amma bu günə qədər həmin uğursuz əməliyyata görə heç kim məsuliyyətə cəlb edilməyib”.

Elxan SALAHOV

Oxşar xəbərlər