19.10.2024, 12:37
AZ EN
29.11.2023, 11:41 334

Şahramanyan sirləri açdı: antiterror tədbirləri zamanı separatçı liderlər sülhməramlılarının qərargahına sığınıbmış

XƏBƏRLƏR

Ermənistan parlamentində 44 günlük müharibənin şərtlərinin araşdırılması ilə bağlı yaradılan komissiyanın növbəti iclası keçirilib. İclasda Qarabağdakı keçmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan komissiya nümayəndələrinin suallarını cavablandırıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Şahramanyan əvvəlcə Qarabağda fəaliyyət göstərən qondarma "Artsax Respublikası"nın buraxılması barədə "fərmanı" imzalaması barədə suallara cavab verib.

Şahramanyan Azərbaycan ordusunun bu ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı  qondarma rejimin əvvəlki rəhbərlərinin harada olması ilə bağlı sualları cavablandırarkən maraqlı məqamlar açıqlayıb. O deyib ki,  həmin ərəfədə keçmiş "rəhbərlərin" bir qismi Rusiya sülhməramlılarının Xocalıdakı qərargahına sığınıb, digərləri isə qondarma rejimin keçmiş “daxili işlər naziri” Karen Sarkisyan iqamətgahında olublar.

Separatçıların sonuncu "lideri" həmin günlərdə Xankəndidəki yanacaqdoldurma məntəqəsində çoxsaylı ölüm halları ilə nəticələnmiş yanğın barədə də danışıb. O deyib ki, yanacaqdoldurma mənrəqəsində partlayış səhlənkarlıq üzündən baş verib və sonradan qarşısıalınmaz yanğına çevrilib. 

Xatırladaq ki, Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə müvəqqəti komissiya 2022-ci ilin fevralında hakim “Mülki müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar 2020-ci ildə müharibə zamanı Ermənistanın müdafiə və xarici siyasətinə başçılıq etmiş şəxslər dəvət olunub. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Silahlı Qüvvələr Baş Qərargahının indiki rəisi Edvard Asryan, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan, keçmiş müdafiə naziri David Tonoyan, sabiq xarici işlər naziri Vardan Oskanyan və başqaları olub. Müvəqqəti komissiyanın fəaliyyətinin müddəti bu ilin may ayında daha 6 ay uzadılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər