01.08.2025, 16:03
AZ EN
27.11.2023, 10:56 360

Siyasi şərhçi: "Sülh müqaviləsi Azərbaycanın təklif etdiyi 5 prinsipə əsaslanmalıdır"

XƏBƏRLƏR

“Azərbaycanla Ermənistan arasında ehtimal olunan sülh müqaviləsi münaqişənin siyasi həllini müəyyən edəcək".

"Vətən səsi" xəbər verir ki, bu fikirləri siyasi şərhçi Tofiq Türkel “Kavkazskiy uzel” nəşrinə açıqlamasında ifadə edib. Onun fikrincə, rəsmi Bakı sazişin hələ il yarım əvvəl təklif etdiyi beş prinsipə əsaslanmasından çıxış edəcək: "Azərbaycanın təklif etdiyi 5 prinsip münaqişənin siyasi həlli üçün əsasdır. Bu təşəbbüsün ideyası münaqişəni, düşmənçiliyi dayandırmaq, münasibətləri normallaşdırmaq və digər bütün məsələlərin tədricən xoşməramlılıq əsasında həll edilməli olmasından ibarətdir.”

Siyasi şərhçi erməni əhalisinin Qarabağa qayıtması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. O, qeyd edib ki, Azərbaycan Ermənilərin Qarabağdan getməsində israrlı olmayıb: “Azərbaycan bu insanları qovmayıb, əksinə, əvvəldən onlar Qarabağda qalmaq, icmalarının idarə olunmasında iştirak etməyə dəvət olunub, onlara iqtisadi yardım təklif edilib. İndi də Azərbaycan onların geri qayıtmasına etiraz etmir, əmlaklarını qoruyub saxlamaq üçün tədbirlər görür. Amma bu proses qanunlar çərçivəsində, fərdi müraciətlər əsasında  baş verməlidir. Təhlükəsizliyi də Azərbaycan dövləti təmin edəcək. Lakin  Azərbaycan Qarabağa dönəcək ermənilər üçün onun suverenliyini məhdudlaşdıran hər hansı xüsusi şəraitin yaradılması ilə razılaşa bilməz. Çünki bu, yenidən Qarabağda, regionda təcavüzkar separatçılığın alovlanmasına gətirib çıxara bilər”.

Elxan SALAHOV

Oxşar xəbərlər