02.07.2022, 19:14
AZ EN
11.03.2022, 15:00 3459

Prezidentin təltif etdiyi məcburi köçkün qadınlar

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif olunub. Onların arasında məcburi köçkün xanımlar da var.

Alızadə Sevinc Əsgərxan qızı əslən Qubadlı rayonundandır, Sumqayıt şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirib. Hazırda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədridir. İctimai Birlik şəhid ailələri ilə birgə müxtəlif layihələr icra edir.

İctimai fəaliyyətə 2016-cı ildə dördgünlük müharibədən - Aprel döyüşlərindən sonra başlayıb. Sevinc xanım Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı, əfsanəvi kəşfiyyatçı, Ağdam rayonundan məcburi köçkün Raquf Orucovun həyat yoldaşıdır. İki övladı var.  

Sevinc Alızadə üç ildir Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının üzvü təyin edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyətinin Hüquq şöbəsinin müdir müavinidir. Uzun illər təhsil ocaqlarında hüquqla bağlı müəllim kimi çalışıb. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvüdür.

Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunması ilə bağlı keçirdiyi hissləri Sevinc xanım belə ifadə edib: “Bu, 5 ildə şəhid xanımı olaraq, mənim fəaliyyətimə verilən yüksək dəyərdir. Eyni zamanda, cənab Ali Baş Komandan tərəfindən ictimai sahədə “Zəfər” komandası olaraq gördüyümüz işlərə verilən dəyərdir. Hər zaman çalışırıq ki, Vətənimiz, dövlətimiz naminə işlər görək, layihələr icra edək, şəhidlərimizin xatirəsini unutdurmayaq, daim onları təbliğ edək. Bu günədək yalnız onların xatirəsini əziz tutmaq üçün bir çox layihələr icra etdik. Cənab Ali Baş Komandanın bu addımı nəinki bu fəaliyyətimizə, eyni zamanda şəhidlərimizə, onların ailələrinə verdiyi dəyərdir. Biz çalışacağıq ki, bundan sonra da dövlətimiz üçün, xalqımız üçün daha böyük işlər görək, şəhidlərimizin xatirəsini əbədi yaşadaq”.

Qəhrəmanova Yaqut Qəhrəman qızı 1960-cı il yanvar ayının 5-də Ağdam rayonunun Suma kəndində ziyalı ailəsində anadan olub. 1977-ci ildə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub. 1983-cü ildə həmin institutun İngilis dili fakultəsini bitirib, ingilis və fransız dili müəllimi diplomu ilə təyinat üzrə Ağdam rayonu Güllücə kənd orta məktəbində ingilis və rus dili üzrə müəllim vəzifəsində işləyib. 1993-cü ildə məcburi köçkün olaraq Ağdam rayonunu tərk edib və Bərdə rayonu ərazisindəki Türk Qızılay çadır düşərgəsində  müvəqqəti məskunlaşıb. Həmin ildən 14 və 118 saylı Ağdam köçkün orta məktəblərində ingilis dili müəllimi vəzifəsində işləyib. 1998-ci ildən müxtəlif beynəlxalq humanitar təşkilatlarla işləyib. 1998-ci ildən 2001-ci ilədək Bərdə rayonu ərazisində Böyük Britaniyanın OXFAM  Humanitar təşkilatında İcma fasilitatoru, 2004-cü ildən 2011-ci ilədək  Gəncə və Mingəçevir ərazilərində fəaliyyət göstərən “Uşaqların xilası” Amerikanın Beynəlxalq Humanitar Təşkilatında Uşaqlara İcma Əsaslı Dəstək Proqramında Uşaq Müdafiəçisi vəzifəsində çalışıb. Azərbaycanda Təhsil nazirliyi tərəfindən Əks müəssisələşmə proqramının həyata keçirilməsinə dəstək göstərərək, Mingəçevir və Goranboy rayonlarından 5 uşağın müəssisədən ailələrinə qaytarılması əsas vəzifəsi olub, Təhsil Nazirliyinə İnkluziv təhsil üçün məktəblərin uyğunluğu qiymətləndirilməsində və hesabat hazırlanmasında və təqdim edilməsində iştirak edib. 2011-cu il yanvar ayından etibarən  Ağdam “Dördyol” köçkün qəsəbəsində fəaliyyət göstərən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzində sosial iş sahəsində və Uşaq inkişafı üzrə mütəxəssis kimi metodist vəzifəsini icra edib. Mərkəz işçilərinə Uşaq inkişafı və sosial iş sahəsində bacarıqların artırılması sahəsində təlim paketi hazırlayaraq işçilərə təlimlər verib. 2013-cü il yanvar ayından etibarən Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin Direktoru vəzifəsini icra edir. Artıq 10 ilə yaxındır ki direktor vəzifəsini icra edərək rayonundakı idarə və müəssisələrlə sıx əlaqələr yaradıb, riskli ailələrin ehtiyaclarının qiymətləndirilməsi, problemlərinin həlli istiqamətində sosial işin aparılması üzrə rayonda olan bütün idarə və müəssisələrlə əlaqələr yaradıb, ailənin probleminə multidissiplinar yanaşma metodu ilə dəstək vermək üzrə çalışıb. Yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində, layihələrə qoşulmaqla aztəminatlı və risk qrupundan olan ailələrə yardımlar edilib, kiçik və orta bizneslə məşğul olmaq istəyən qadınların bacarıqlarının artırılması sahəsində təlimlər verməklə, onların QHT-lərin elan etdiyi layihələrə qoşmaqla lider qadınların yetişməsində rolu olub. Ağdam rayonu ərazisində olan 18 köçkün qəsəbə və kəndlərində əhalinin erkən nikahlar, qan qohumları ilə evlilik, narkotik maddələrin istifadəsi zamanı sağlamlığa təsirləri, məişət zorakılığı və uşaq zorakılıqlarının qarşısının alınması sahəsində, orta məktəblərdə bu mövzularda preventiv təbliğat aparıb, rayonda baş verən erkən nikahların operativ şəkildə qarşısının alınması sahəsində nailiyyətləri olub. İşlədiyi illərdə Azərbaycanın  müxtəlif rayonlarında Uşaq və Ailələrə Dəstək Mər­kəzlərinin yaradılması, mərkəz işçilərinə sosial iş  yönümlü kadr hazırlığı sahəsində təlim materiallarının, kitabların və xəritələşmə sənədlərinin hazırlanması və təlimlərin verilməsi sahəsində, Uşaq Müdafiə sisteminin təkmilləşməsi sahəsində aparılan bütün fəaliyyətlərdə iş icraçısı olub. Ailəyə dəstək təlimat kitabının həmmüəlliflərindən biri olub. Uşaq hüquqları Konvensiyasına müraciət edərək onun Azərbaycanda ratifikasiya olunmuş preambulalarından istifadə edərək uşaqların ailədə yaşadığı şərait öyrənilərək problemlərin öyrənilməsinə çalışıb. Müharibədən sonra UNİSEF və Asan xidmət Könüllüləri İctimai Birliyinin və AQUPDK-nın Post müharibə dövründə əhaliyə psixo-sosial dəstək vermək üçün 2 layihənin həyata keçirilməsində iştirak edib. 2016-ci il Aprel hadisələri və 2020-ci il baş vermiş 44 günlük müharibə zamanı sığınacaqlarda olan əhaliyə, eləcə də müharibədən sonra şəhid və qazi ailələrinə  psixo-sosial dəstək vermək üçün əhali və azyaşlı uşaqlarla işləyib.

Ailəlidir, iki övladı var.

Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunması ilə əlaqədar keçirdiyi hissləri Yaqut Qəhrəmanova belə ifadə edib: “Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün gözlənilməz oldu. Mən həyatım boyu üç müharibə görüb, onun ağrı-acısını hiss etmişəm. Ona görə də çalışmışam ki, əhali üçün sosial iş sahəsində çalışıb, onlara dəstək olum. İnsanlara, uşaqlara kömək olmaq üçün çalışmışam. İnsanları maarifləndirmək üçün çalışmışıq.

44 günlük müharibədə Prezident, ordu, xalq arasında birlik oldu və biz onun nəticəsini gördük. Biz həmin vaxt raket hücumlarına məruz qalsaq da, çətinlik çəksək də, Zəfər bizi çox sevindirdi. Mənim həyatımda ən gözəl günlərdən biri Şuşada Zəfər bayrağının asılması idi. Bərdədə sığınacaqlara gedərkən bu xəbəri eşitdik. Həmin gün bütün kədərlərimin üzərindən xətt çəkildi. Prezidentə təşəkkür edirəm ki, bu günü bizə yaşatdı. Dünyanın heç bir ölkəsində baş verməyən hadisənin şahidi olduq ki, işğal altında olan ərazilərimiz azad edildi. Əməyimə qiymət verilməsi qələbə xəbərini eşidəndə necə sevindiksə, o xəbər də o qədər sevindirdi. Qadınlar arasında seçilməyimizə görə çox sevindim”.

Nazilə XAQANİ

Oxşar xəbərlər