Bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Ermənistanın dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətin qarşısı təcili alınmalıdır. Dünya birliyi Ermənistanın beynəlxalq aləmi fəlakətə sürükləyən ekoloji terrorun qarşısını almaqda birlik nümayiş etdirməlidir. Mənim də qoşulduğum müraciətdə açıq şəkildə bəyan edilib ki, Ermənistan BMT-in bir sıra, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında”, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” , “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” konvensiyalarının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur. Beynəlxalq konvensiyalara qarşı açıq hörmətsizlik olan ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına ciddi təsir göstərir.
Ç.Qənizadə bildirib ki, ümumiyyətlə, 1988-ci ildən başlayaraq, ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan terror aktları soyqırımı, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən müharibə şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsinə səbəb olub. Bu müddət ərzində hərbi münaqişə və müharibə yalnız ölkəmizin ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb. Biz, Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərləri müraciətdə haqlı tələb irəli sürmüşük: “Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq”. Dünya ictimaiyyəti də şahiddir ki, Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəflərin də əleyhinə çıxır.
Hüquq müdafiəçisi Azərbaycan Respublikası ilə Ermənistanın sərhədində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisinin təcili dayandırılmasının vacibliyini bildirdib. Vurğulayıb ki, bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. Əhali bundan çox ciddi ziyan çəkəcək. Çünki bu tullantıların təsiri nəticəsində içməli su təchizatı ciddi şəkildə çirklənəcək, sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artıracaq, həm Azərbaycana, həm də Ermənistana təsir edən təhlükəli ictimai səhiyyə böhranı yaranacaq.
“Gözlənilən ekoloji fəlakətin acınacaqlı nəticələrini dərk edərək, eyni zamanda, beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə və Ermənistanın bu özbaşınalığının, ətraf mühitə qarşı terrorunun qarşısını almağa çağırırıq”,– deyə Ç.Qənizadə bildirib. (AZƏRTAC)