Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80- ci illərində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ- nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilmişdir . Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.1994 –cü ildə Ulu Öndər Gənclər və İdman nazirliyini yaratdı.Bu çox əlamətdar hadisə idi. Nazirlik qısa müddət ərzində gənclər siyasətinin əsas meyarlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Gənclərin qayğıları, onları narahat edən problemlər, sağlam həyat tərzinin aşılanması, idmana olan həvəsin artırılması istiqamətində bu nazirlik uğurlu nəticələr əldə etməyi bacardı. 1996-cı il fevralın 2-də Ulu Öndərin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi .1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Məhz Ulu Öndərin təşəbbüsü ilə bir sıra dövlət idarələrində, nazirliklərdə yüksək ixtisaslı gənc kadrların işə cəlb olunması, müxtəlif məsul vəzifələrə təyinatları Azərbaycan gəncliyinə olan diqqət və qayğının təzahürü idi.
Ümummilli lider Heydər Əliyev həmişə gənclərə böyük ümidlər bəsləyir, dəfələrlə öz çıxışlarında qeyd edirdi ki:
“Mənim üçün ən əziz nemət, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır. Hər bir Azərbaycan gənci hər şeydən çox ,hər şeydən artıq müstəqil Azərbaycanın bugünü ,gələcəyi haqqında düşünməlidir.”
Ümummilli Liderimiz gəncləri təhsilli, elmli, vətənpərvər ruhda, dinini, millətin bütövlüyünün qorunmasında iştirak edən gənclik kimi görmək istəyirdi. Sağlam ruhda, sağlam düşüncəli gənclərin yetişməsinə şərait yaradırdı.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında mühüm rol oynayır.
Təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır.
Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər.44 günlük Vətən müharibəsində düşməni darmadağın edən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda mübarizəyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun, İlham Əliyev siyasətinin təntənəsidir.
Nuranə DARVİNBƏYOVA
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi