Akvaponika istehsalat müəssisəsinin nəzarətçisi Səməd Səmədzadə bildirib ki, bu sistemlə balıqlar bitkilərin, bitkilər də balıqların yetişməsinə kömək edir. “Laçın şəhərində yaradılmış, 600 kvadratmetr ərazini əhatə edən akvaponikada sistem belədir ki, balıqların qida qalıqları - xüsusilə, ammonyak maddəsi, fosforitlər, həmçinin bitkilərin inkişafında böyük rol oynayan zəngin bakteriyalar suda sirkulyasiya olunaraq bitkilərə qədər gedib çatır. Beləliklə, balıqlar üçün zəhərli sayılan su bitkilərə dərman olur. Burada sazan, karp balıqlarından ibarət 12 hovuzda bitkilərin inkişafı üçün zəngin tərkibli su toplanır. Proses bununla bitmir. Xüsusi cihazlarla filtrasiya olunan su yenidən hovuzlara qayıdır. Sistemin ən böyük özəlliklərindən biri də odur ki, heç bir israfa yol verilmir. Sərfiyyat o qədər aşağı olur ki, təmizləndikdən sonra akvariumlara qayıdan miqdarın üzərinə yalnız 10 faiz su əlavə edilir".
Akvaponika Azərbaycanda nisbətən yeni sahədir. Laçında hidroponika, yəni torpağa basdırılmadan, qidalı maddələrlə zəngin məhlulda bitki köklərinin yetişdirilməsi üsuluna da üstünlük verilir. Laçında qurulmuş bu sistem təkcə qənaətliyinə görə deyil, həm də orqanikliyinə görə dünyada ən yaxşı metod sayılır.
Hazırda müəssisədə çalışanların böyük əksəriyyəti laçınlılardır və təsərrüfat genişləndikcə, işçi sayı da ilbəil artacaq. (AZƏRTAC)