02.07.2022, 18:23
AZ EN
05.04.2022, 08:30 3780

Zəngilana qayıdırıq

ŞƏRQİ ZƏNGƏZUR

Qədim Zəngəzur mahalına daxil olan rayonlardan biri olan Zəngilan rayonu ayrıca inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilmişdir. Lakin rayonun tarixi daha qədimlərə gedib çıxır. Belə ki, sonralar aparılan tədqiqatlar nəticəsində «Ağalı kahaları», Yeməzli kəndi yaxınlığında aşkarlanan küp qəbirlər və həmin qəbirlərdən tapılan bülöv daşı, bürc ucları, oxlar, nizələr, sikkələr, qolbağı, həmçinin muncuqlar bu fikirləri təsdiqləyən faktlardır.

Onu da qeyd edək ki, eramızdan əvvəl 336-323-cü illərdə Makedoniyalı İsgəndərin adına zərb edilən sikkələrin də həmin ərazidə tapılması bu həqiqətlərə daha da tamamlayır. Yeri gəlmişkən onu da qeyd edək ki, həm dərsliklərdə, həm də tarixi-coğrafi, bədii əsərlərdə Zəngilanın qədimliyi haqda geniş məlumatlar yer almışdır. Görkəmli yazıçı Cəlal Bərgüşadlı «Bu dünyada nələr gördüm» kitabında yazır ki, qədim zamanlarda Ərəbistandan dəvə karvanları su aparırdılar. Bu su qızıl yataqlarından gəldiyi üçün müalicəvi xarakter daşıyıb, müxtəlif xəstəliklərin dərmanı olub. Orta əsr tarixçi və coğrafiyaşünası Həmdullah Qəzvini yazır ki, Xudafərin körpüsü 636-cı ildə Məhəmməd Peyğəmbərin əsabələrindən olan Bəkr ibn Əbdullah tərəfindən inşa edilmişdir (körpü sonrakı dövrlərdə dəfələrlə bərpa olunmuş və yenilənmişdir). Orta əsr tədqiqatçı tarixçisi Səid Nəfisi «Babək» əsərində Bəzzeyn qalaları haqqında belə bir məlumatı bildirir ki, Bəzz qalaları Arazın sağ və sol sahilində olubdur. İndi sağ sahildəki qalanın qalıqları qalır, lakin sol sahildə yox. Orada qeyd olunur ki, sol sahildəki qala Həkərinin yaxınlığındadır. Sonralar Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsinin apardığı tədqiqatlar nəticəsində orada qədim Şəhri-Şərifanın olduğu təsdiq olunmuşdur. Elə Babəkin tutulduğu yer də həmin şəhərdir. Zəngilanın qədimliyini təsdiq edən xeyli sayda tarixi, coğrafi faktlar var - Koroğlu daşı (yaşı bilinmir), min illərin yadigarı «Tək ağac» piri, Oxçuçayın sol sahilində «Dəvə Cüneyd» piri, bütün dünyanın tanıdığı 2500 ilə qədər yaşı olan çinarların yurdu - «Bəsitçay» qoruğu və s. Minlərlə belə abidə və tarixi faktlar var.

Zəngilan rayonu çox mühüm bir tarixi-coğrafi məkanda yerləşir. Araz çayının sol sahilində, Cənubi Azərbaycanla, bir tərəfi Cəbrayıl rayonu, Qubadlı rayonu, Qafan və Mehri rayonları ilə həmsərhəddir.

Yuxarıda qeyd etdiyimiz kimi 1930-cu ildə təşkil olunan Zəngilan rayonunun 5 qəsəbə və 82 kəndi olmuşdur. Rayonunun ərazisindən Araz, Oxçuçay, Həkəri, Bəsit çayları axır. Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Zəngilan rayonu öz yetirmələrinə görə də fərqlənir. Başda general-mayor Məhəmməd Nəbi oğlu Əsədov olmaqla generallar, həmçinin 14 Sosialist Əməyi Qəhrəmanı, «Şöhrət» ordenli İmamverdi İsmayılov, Rizvan Sadıqov, görkəmli alimlər - Sofiq Hüseynov, Nuşirəvan Rüstəmov, Adilə Abbasova, Bayram Bağırov, Rizvan Paşayev, Aidə Xanməmmədova, Məmmədxan Rəsulov, Ziyad Təhməzov, Nəsib Cəbrayılov və b. məhz bu qədim diyarın övladlarıdır.

1993-cü ilin oktyabrında erməni faşistləri tərəfindən işğal olunan Zəngilan rayonu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 20 oktyabr 2020-ci ildə azad edilmişdir. Digər azad edilmiş rayonlarımız kimi Zəngilanda da geniş bərpa işləri həyata keçirilir. Onu da qeyd edək ki, rayonda Beynəlxalq Hava Limanı tikilir, bu ilin sonunda istifadəyə veriləcək. Bununla yanaşı Naxçıvan və Türkiyəyə həm dəmiryolu, həm də şose yolu çəkilir. Bərpa ilə bağlı xüsusi qeyd edək ki, ilk ağıllı kənd də burada salınıb və tezliklə öz sakinlərini qəbul edəcəkdir. Qarşıda daha uğurlu işlər də olacaq. Elə buna görə də zəngilanlılar möhtərəm prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını daim ifadə edir, Ona Allahdan uzun və sağlam ömür arzulayırlar.

İsa MUSAYEV

Oxşar xəbərlər