29.03.2024, 00:44
AZ EN
23.06.2022, 08:35 584

Füzuli rayonu, Alxanlı kəndi

QARABAĞ

Əgər Qarabağ uğrunda gedən döyüşlər üçün “Qəhrəman kənd” statusu müəyyən edilərsə, Alxanlı kəndi də  real namizədlərdən biri olar.

Kənd XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürüb gətirdiyi əhalinin məskunlaşmasından sonra yaranmışdır. Alıxan Naxçıvanda Kəngər elinin qollarından biridir. Bu qolun adı isə  erkən orta əsrlərdə Cənub-şərqi Avropa və şimali Qafqaz çöllərində  yaşamış türkmənşəli xəzərlərin Alıxan tayfasının adıdır.1993-cü ilin avqust ayından 1994-cü ilin yanvar ayınadək erməni işğalçılarının zəbt etdiyi Füzuli rayonunun Alıxanlı kəndi işğaldan azad edildikdən sonra uzun müddət baxımsız qalıb. Çünki ermənilər həmin yşayış məntəqəsindəki bütün evləri və obyektləri talan edərək viran qoyub. Lakin son illər yerli RİH-in və aidiyyəti qurumların maliyyə yardımı ilə kənddəki dağıdılmış evlərin bərpasına başlanılıb. Bu günədək dövlət büdcəsi hesabına 300 ev bərpa olunub, 170 evin tam bərpasına və 96 evin bir hissəsinin təmirinə isə sifariş verilib. Məlumatda həmçinin qeyd olunur ki, işğaldan əvvəl Alıxanlıda yaşayan 712 ailədən 582-si artıq doğma ata-baba yurdlarına qayıdıblar. Dağıdılmış evlərin bərpasından sonra yerdə qalan digər ailələrin də kəndə qayıdacağı gözlənilir.

Alxanlı Köndələn çayın sol sahilində, Mil düzündədir. Tədqiqatçıların əksəriyyəti  bu oykonimi alıxanlı etnonimi ilə əlaqələndirir və  belə bir məlumata istinad edirlər ki, kəndi XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın Naxçıvandan köçürdüyü kəngərlilərin alıxanlı tirəsi salmışdır. Lakin nəzərə almaq lazımdır ki, alxan sözü Azərbaycan dilinin qərb qrupu dialektlərində  “köhnədən qazılmış xəndək yeri”  deməkdir. Kəndin Köndələn çayının sahilində yerləşdiyini  nəzərə alsaq, bu oykonimi “Köndələn çayın axdığı kənd” kimi izah etmək olar. Çeçenistanda XVIII əsrlərdə  alxanların yaşayış məskəni olan Alxanqala yer adı və Alxançurt dağ adı da “köndələn” mənasında izah olunur.

Hazırda kənddə əhalinin sayı 2100 nəfər təşkil edir. Kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarətdir.

Azərbaycanda yerləşən bir çox kəndlər kimi Alxanlı kəndinin də əhalisi əsasən əkinçiliklə məşğul olur. Lakin kəndin ərazisinin təmas xəttinin bir neçə yüz metrliyində yerləşməsi həmin ərazilərdə təsərrüfat işlərinin görülməsinə mane olur. Belə ki, erməni separatçıları dinc sakinləri mütəmadi olaraq atəş altında saxlayır. Alxanlı kəndinin ərazisində  5 min hektardan çox əkin üçün yararlı torpaq sahəsi olsa da, bu əkin sahələrinin cəmi 2 min hektarından istifadə edirlər. Ermənilər 2006-cı ildən etibarən kəndə gələn su kanallarının qarşısını kəsdiyi üçün kənd sakinləri əkinçiliyi yalnız dəmyə üsulu ilə aparırlar. Amma vəziyyətdən çıxış yolu kimi ərazidə bir neçə su artezian quyusu qazılsa da, bu su quyuları azlıq təşkil edir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər