Səfir Con Matsa etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında siyasi, iqtisadi, turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur və bu xüsusda təmaslar daha da fəallaşdırılıb.
Prezident İlham Əliyev San-Marino rəhbərlərinin 2015-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırladı, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlığını ifadə etdi.
Səfir Con Matsa ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğuladı, San-Marinonun Azərbaycanla münasibətləri dərinləşdirməkdə, siyasi, həmçinin mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi. Səfir bundan sonra mütəmadi əsasda Azərbaycana səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə görüşlər keçirəcəyini və əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.
San-Marinonun İtaliya ilə də çox sıx əlaqəsinin olduğunu vurğulayan diplomat bu çərçivədə də ölkələrimiz arasında xüsusilə təhsil və turizm sahələrində əməkdaşlıq üçün imkanların mövcudluğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində bildirdi ki, ölkəmizin həm İtaliya, həm də Vatikan ilə çox yaxşı münasibətləri var. İtaliya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Prezident İlham Əliyev, həmçinin özünün Vatikana və Roma papalarının Azərbaycana səfərlərini məmnunluqla xatırladı. Bu əsnada ölkələrimiz arasında yaxşı əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə San-Marinonun işgüzar dairələri arasında birbaşa əlaqələrin yaradılması, San-Marinonun turizm imkanlarının ölkəmizdə təqdim olunması, habelə təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı.