Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Qeyd edək ki, 1980-ci ildə inşa edilən hotelin binası 1992-ci ilin mayında Şuşa şəhərinin işğalı nəticəsində öz fəaliyyətini dayandırıb və baxımsızlıqdan tamamilə yararsız vəziyyətə düşüb. Şuşa şəhəri müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistanın işğalından azad edildikdən sonra 2021-ci ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilməyə başlandı. Müasir səviyyəyə çatdırılan hoteldə Şuşa şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran və bar qonaqların ixtiyarına veriləcək. Hoteldə işgüzar görüşlərin və tədbirlərin keçirilməsi üçün konfrans otağı yaradılıb. Hotel ərazisində avtomobil dayanacağı da inşa edilib. Hotelə yaxın olan parkın ərazisi abadlaşdırılıb, fəvvarələr qurulub və park işğaldan əvvəlki görkəminə qaytarılıb.
***
Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır.
Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva inzibati binada aparılan bərpa işləri ilə tanış olublar.
***
Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Məlumat verildi ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqifin məqbərəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, abidə bu il onun müəllifi, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub.
Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan büst öz əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.
***
Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Qeyd edək ki, 1982-ci il yanvarın 14-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olmuşdu. Məhz bu səfər çərçivəsində ümummilli lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verdi və həmin ilin 29 iyul – 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirildi.
Muzey-məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdi. Dördkünc quruluşa malik və mərmərlə bəzədilən türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınaraq, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdi. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə yer verilmişdi. Türbənin daxilində Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulmuşdu. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edildi. Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən sonra, 39 il əvvəl məqbərənin açıldığı gündə - yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı məqbərəni ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, burada təmir-bərpa və yenidənqurma işlərinə start verildi.
Məqbərədə təmir-bərpa və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. 2021-ci ilin mart ayından başlayaraq türbə ilkin mərhələdə konstruktiv müayinədən keçirilərək, tələb olunan hissələr üzrə gücləndirmə tədbirləri araşdırılıb və bu çərçivədə işçi layihələr hazırlanıb. İşçi layihələr əsasında xarici mütəxəssislər tərəfindən təyin edilən xüsusi kimyəvi materiallarla elementlərin konstruktiv bərpa işləri yerinə yetirilib, korroziyaya qarşı əlavə tədbirlər görülüb. Həmçinin abidənin dam örtüyü yenidən qurulub. Topoqrafiya işləri nəticəsində əldə edilən məlumatlar üzrə, o cümlədən ərazidə axtarış işləri keçirməklə qırılmış, dağılmış üzlük hissələrin əldə edilməsi ilə birlikdə abidənin ilkin ölçülərinin bərpası məqsədilə memarlıq işçi layihələri hazırlanıb. Bu layihələr əsasında isə fasadın və daxili hissələrin divar səthləri mərmərlə üzlənib və abidənin tarixi görkəmi bərpa edilib.
Bundan əlavə, ərazidən tapılan tökmə alüminium şəbəkə nümunəsi əsasında hazırlanmış işçi layihələr üzrə bütün şəbəkə və dekorlar, o cümlədən giriş qapısı tökmə üsulu ilə alüminium materialdan tarixi ölçüləri qorunmaqla hazırlanıb, Şuşa şəhərinə gətirilərək layihə üzrə quraşdırılıb. Salonun mərkəzində qəbir daşı üzərində qara mərmərdən sənduqə qoyulub, ilkin formanın bərpası nəzərə alınmaqla büst ağ mərmərdən işlənib hazırlanaraq quraşdırılıb.
Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb. Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda, ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
***
Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib.
Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib.
Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.
Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.
Bu il yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı ev-muzeyini ziyarət edən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən muzeydə aparılan təmir-bərpa və yenidənqurma işləri artıq başa çatıb.
Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olunub. Yazıların birində Qurandan ayə, digərində isə evin tikilmə tarixi qeyd edilib. Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycanın ənənəvi evlərinə xasdır.
Şuşa şəhərinin işğalı zamanı ev yararsız hala salınıb, yükdaşıyıcı divarlarında çatlar əmələ gəlib və divarlar çöküb. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.
Bülbülün ev-muzeyinə məxsus həyətyanı sahə ilkin görkəmi saxlanılmaqla bərpa olunub.
Hazırda binada Bülbülün muzey ekspozisiyası qurulub. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb.
Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
***
Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı heykəlin üzərindəki örtüyü götürdü.
Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.
Məlumat verildi ki, heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.
Dövlətimizin başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verildi.
Qeyd edək ki, görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhərində Ermənistanın işğalınadək fəaliyyət göstərib.
Erməni işğalçı qüvvələrinin vəhşiliyi nəticəsində muzeydə dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı 1700 eksponatdan yalnız 100-ə yaxını salamat qalıb, qalanı məhv edilib.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu tərəfindən ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.
***
Avqustun 29-da Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoydu.
Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi. Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.
Mərkəz 2,8 hektar ərazini əhatə edəcək. Memarlıq adət-ənənələrini özündə əks etdirən xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq ediləcək. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunacaq. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının - XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəylinin ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan hazırlanıb. Beş mərtəbədən və 150 nömrədən ibarət “Otel və Konfrans Mərkəzi”ndə otaqlar, restoranlar, konfrans korpusları, daxili həyətlər olacaq.
***
Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub.
Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb.
Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın.
Baş plan hazırlanarkən, şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.
Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev 1-ci məhəllənin təməlini qoydu.