17.09.2024, 00:53
AZ EN
19.01.2023, 20:45 156

Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Niderlandın Baş naziri ilə görüşü olub

XƏBƏRLƏR
  • Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olundu, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulandı.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verib, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib. Dövlətimizin başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib.

Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırılıb, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulanıb.

Oxşar xəbərlər