“Vətən səsi” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə köçürülmüş əhalinin 8 min nəfəri Özünüməşğulluq Proqramı çərçivəsində işlə təmin edilib, yüzlərlə sakin bu cür proqramlara cəlb olunub. Həmin ərazilərə köçürülən sakinlərin 700 nəfəri üçün proqram çərçivəsində verilmiş avadanlıqlar hesabına kiçik biznes sahələri yaradılıb. Xidmət sahələri, kənd təsərrüfatı və digər sahələrdə iş yerləri təşkil edilir. Hazırda 600-dən çox sakinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aktiv şəkildə davam etdirilir.
Elşad Məmmədov deyib ki, doğma yurdlarına qayıdan vətəndaşlar Özünüməşğulluq Proqramına cəlb edilərək öz kiçik təsərrüfatlarını yaradıb. Onun sözlərinə görə, Zəngilan, Laçın və digər bölgələrdə yaradılmış kiçik təsərrüfatlar da Qarabağ və Şərqi Zəngəzura köçürülənlərin işlə təminatına töhfə verir.
İctimai Şuranın sədri bildirib ki, indiyədək Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 27 əmək yarmarkası təşkil olunub. Həmin ərazilərdə məskunlaşmış sakinlərin əmək bazarının tələblərinə uyğun peşə bacarıqlarına yiyələnməsi məqsədilə onlar üçün müvafiq sahələr üzrə peşə hazırlığı kursları da təşkil edilir. Onun sözlərinə görə, indiyədək doğma yurduna köçürülən sakinlərindən 356 nəfəri peşə kurslarına cəlb edilib: “Agentliyin Qarabağ Peşə Hazırlığı Mərkəzi bu sahədə önəmli işlər görür. Mərkəzdə 50-dək istiqamət üzrə müvafiq peşə kursları təşkil edilir. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək zərfi də icra olunur. Həmin mütəxəssislərə birdəfəlik müavinətlə (600 manat), hər il 5 gün əlavə məzuniyyət, aylıq vəzifə maaşına əlavələr verilir. Bununla yanaşı, həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır”.
Röya SALMANQIZI