Bu barədə Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edən Polşanın "Kurylowicz and Associates" kompaniyasının arxitektoru və analitiki Tomasz Pniewski deyib.
“Biz şəhər və yaşayış məntəqələrinin tikinti planı hazırlanarkən orada vacib sosial strukturların, obyektlərin bir-birinə daha yaxın olmasını nəzərə alırıq. Biz "15 dəqiqəlik şəhər" konseptini təklif edirik. Hər şeyin yaxın olması sadəcə kiçik sahibkarlar və ya vətəndaşlar üçün faydalı deyil, bu, həm də dayanıqlılıq üçün önəmlidir, məsafələrin daha yaxın olması daha az avtomobil deməkdir”, - o bildirib.
Polşalı arxitektor deyib ki, Bakı və Varşava daha çox mərkəz əsaslı (corecentric) şəhərlərdir, lakin azad olunmuş ərazilərlə bağlı təkliflərdə yaşayış məntəqələrinin təkamülü, obyekt və strukturların mərkəzdə toplanması deyil, daha çox bir-birinə yaxın olması vurğulanır.
Ekspert qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədlərini prioritet hesab etdiyi üçün onların təklifi cəlbedici görünə bilər.
O bildirib ki, bu ərazilərdə yaşayış məntəqələrinin planı hazırlanarkən bütün detallar diqqətə alınmalı, plan çevik olmalıdır: “Biz hələ yeniyik, şirkətimiz bu ərazilərdə layihələrdə iştirak etməyib, ancaq biz işləmək istərdik, təkliflərimizi vermişik. Avropanın müxtəlif ölkələrində, Kiprdə, hətta Belarusdakı layihələrdə iştirak etmişik”.
Polşanın İkinci Dünya müharibəsində çox ciddi dağıntılara məruz qaldığını xatırladan arxitektor deyib ki, yenidənqurma prosesində ən vacib olan optimizmdir: “Siz optimist olmalı, hədəflərinizi müəyyənləşdirərək o istiqamətdə işləməlisiniz”. (APA)