02.07.2022, 17:47
AZ EN
25.03.2022, 11:00 3605

Milli Qəhrəman Şirin Mirzəyev deyirdi: “Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək”

QARABAĞ

Ermənistanın bəzi internet resursları Əsgəran qəsəbəsi yaxınlığındakı Fərrux (ermənilər “Paruk” yazırlar) kəndini Azərbaycan Ordusunun öz nəzarəti altına götürdüyü barədə hay-küy qaldırıblar. Azərbaycan Müdafiə Nazirliyi dünən yaydığı məlumatda isə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını, hər hansı toqquşma və ya insidentin baş vermədiyini bildirib.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində Fərrux dağı uğrunda şiddətli döyüşlər gedib. Bu döyüşlərdə Milli Qəhrəman Şirin Mirzəyevin komandirlik etdiyi Ağdam özünümüdafiə batalyonu xüsusilə fərqlənib və Fərrux kəndini erməni quldurlardan azad edib. Lakin sonradan, digər strateji mövqelər kimi, Fərrux da düşmənin nəzarətinə keçib.

Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova bir müddət əvvəl Moderator.az-a müsahibəsində deyib: “Şirin Mirzəyev həmişə deyirdi ki,  Fərrux dağında kim otursa, Ağdama da o, nəzarət edəcək.  1991-ci ilin, səhv etmirəmsə, dekabrında erməni terrorçular Xocalı rayonunun Meşəli kəndinə hücum etmiş, bir yaşlı kişi ilə qadını yandıraraq qətlə yetirmişdilər.   Şirin də deyirdi ki, mən Fərruxu azad etməklə Meşəlinin qisasını aldım... 1992-ci ilin yanvarında keçirdikləri əməliyyat nəticəsində Şirinin taboru həmin kəndi azad etmişdi... Bildiyimə görə, Fərrux kəndi  ermənilərin orada Rusiya imperiyası tərəfindən yerləşdirildiyi  və XX əsrin əvvəlində Qarabağda müharibələr başlayandan bəri  ilk dəfə idi ki, Azərbaycan tərəfindən azad olunurdu... 

Şirin onu da deyirdi ki,  Qarabağdakı, xüsusən Ağdam və Ağdərə istiqamətindəki hücum əməliyyatları zamanı kimlərinsə qurduğu hansısa müəmmalı oyunlar baş verirdi. Bir də görürdün, hücuma keçəndə bizə dəstək verməli olan birləşmələrimizdən biri kiminsə əmri lə geri çəkilir və bu minvalla bir sıra döyüşlərimiz uğursuzluqla nəticələnirdi... Təəssüf ki, məhz belə müəmmalı başıpozuqluqlar səbəbindən Şirin Mirzəyevin şəhidliyindən sonra ermənilər Rusiya ordusunun dəstəyi ilə yenidən  Fərrux kəndini işğal etdi... Və bu gün hələ də  həmin yüksəklik və kənd Rusiyanın sülhməramlı hesab edilən hərbi birləşməsinin nəzarəti altındadır... İnşallah, inanıram ki, yaxın müddətdə Qarabağdakı yerdə qalan digər məntəqələrimiz kimi Fərrux da dövlətimizin, ordumuzun tam nəzarətinə keçər və həmin yüksəklikdə yenə də üçrəngli Azərbaycan bayrağı dalğalanar. Onda Şirin Mirzəyevin ruhu daha da dinclik tapar”. 

Oxşar xəbərlər