02.07.2022, 18:56
AZ EN
11.02.2022, 10:46 3526

Şərəflə yaşadı!

YAZILAR

Ürək verdim ürəyimin oduna,

Əyilmədim vəzifələr adına.

Vələs olub çevrilmədim oduna,

Palıd kimi, çinar kimi yaşadım,

Nə yaşadım, Eldar kimi yaşadım!

Bu möhtəşəm misraların müəllifi şair, yazıçı, publisist, mərhum Əməkdar Jurnalist Eldar İsmayil Böyüktürk 10 mart 1942 ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində anadan olub, 20 fevral 2021-ci ildə vəfat edib. Göyçədən qaçqın düşəndən sonra öncə Azərbay­can Qaçqınlar Cəmiyyətində ideologiya şöbəsinin müdiri, 1996-cı ildən ömrü­nün sonuna qədər isə Azərbaycan Tibb Universite­tinin nəşri olan “Təbib” qəzetinin baş redaktoru işləyib. Bənzərsiz yaradıcılığı ilə qəlblərdə özünə əbədi taxt qurmuş Eldar İsmayıl Böyüktürk ömür adlı sarayına 50-dən çox tarixi həqiqəti özündə əks etdirən 4 böyük roman, çoxlu sayda bədii-publisistik əsərdən ibarət möhkəm bir qala həkk edib. Çəmənlikdəki güllərin öz rəngi, ətri olduğu kimi ümman qəlbli, vətənpərvər millətsevər, milli qeyrətli ustad şairin poeziyasının özünəməxsus dili hikmət dolu şirinliyi, obrazlılığı, səmimiliyi, ürəyəyatımlılığı, bədiiliyi ilə fərqlənir. Onun bütün əsərləri oxucusunu düşündürür, gələcəyə inandırır, haqq-ədalətə, birliyə səsləyir, mənəvi dünyasını zənginləşdirir, Vətənə sevgi, düşmənə nifrət aşılayır. Şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən Eldar İsmayıl Böyüktürkün “Ulu Göyçə”, “Mən kiməm”, “Türkün xilaskarı”, “Ulu Turan yolunda” adlı poemalarında coşğun vətənpərvərlik duyğuları böyük ustalıqla öz ifadəsini tapıb. “Məndən ötrü Ermənistan yoxdu, yox”, “Ağrı dağı qədər ağrılarım var”, “Ermənistan türk­lərinin 1988- ci il soyqırımı” publisistik əsərləri qüdrətli qələm sahibinin böyük Vətən, millət sevgisinin təcəssümüdür. “Göyçənin qisası qalır” tarixi romanına - 36-cı kitabına görə “Türk ədəbiyyatına xidmət” ödülünə və Azərbaycan Prezi­denti yanında QHTDDŞ və Mahmud Kaşkari adına Beynəlxalq fond tərəfindən keçirilən “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin (2009-cu il) xüsusi mükafatına layiq görülüb.

Şairin “Türkün xilaskarı” poeması türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə həsr edilib. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə “Türk ədəbiyyatına hizmət” beynəlxalq ödülü ilə mükafatlandırılıb. “Allah amanatı” əsərindən seçmə şeirlər (2000-ci il) və “Eldar İsmayıl və seçilmiş şeirləri” (2001-ci il) Ərzurum Universitetində Anadolu türkcəsində işlənib dərslik kimi hazırlanıb. Eldar İsmayıl Böyük­türkün “Ulu Göyçə”, “Göyçənin qisası qalır”, “Səttar oğlu”, “Ulu Turan yolunda”, “Zülmətdə parlayan qılınc” və s. əsərləri ilə bağlı televiziya verlişləri çəkilib.

“Göyçənin qisası qalır” romanı Azərbaycan Yazıçılar Birliyinin qurultayının mötəbər tribunasında son dövrün ən yaxşı nəsr əsərlərindən biri kimi dəyərləndirilib. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2010 cu il tarixli Sərəncamı ilə Eldar İsmayıl Böyüktürkə “Əməkdar Jurnalist" fəxri adı verilib. O, Azərbaycan Yazıçılar Birliyinin “Araz” ədəbi mükafatının, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatının laureatı olub.

Eldar İsmayıl Böyüktürkün yaradıcılığı haqqında elm, sənət adamları dəyərli fikirlər söyləyiblər. Xalq şairi Bəxtiyar Vahabzadə deyib: “Bəstəkar Rəşid Nəsiboğlunun Eldar İsmayılın “Allah amanatı” şeirinə yazdığı nəğmələrin not yazısını bilmədiyimdən mahnı haqqında bir söz deyə bilməyəcəyəm. Amma bu şeirin  misralardakı yanğı tüstümü təpəmdən çıxardı.

Tüstüm gedib, külüm qalıb,

Məndən ötrü zülüm qalıb.

Qəbir-qəbir elim qalıb,

Ellər, Allah amanatı.

Misralardakı ümidə görə sağ ol, şairim!”

Akademik Yaşar Qarayev Eldar İsmayıl Böyüktürkün yaradıcılığı haqda “Göyçə poeziyası Göyçəni itirən oğulun - Eldarın “mən”inin ifadəsidir”, - deyib.

Professor Abuzər Xələfov: “Eldar İsmayılın biblioqrafiyası Azərbaycan ədəbi mühitində şair-publisist, yazıçı-jurnalist, ədib-tənqidçi kimi tanınmış bir şəxsiyyətin ədəbi irsinin güzgüsüdür”.

Akademik Əhliman Əmiraslanov: “Eldar İsmayıl vətənpərvər şairdir. Layiqli jurnalist kimi fəaliyyəti çox təqdirəlayiqdir. O, Vətən, millət şairidir! Mənə bir oxucu kimi elə gəlir ki, Eldar İsmayıl Böyüktürkün Göyçə poeziyası elmi-tədqiqat və dissertasiya mövzuları olmalıdır”.

Eldar İsmayıl Böyüktürkün zəngin poeziyasında və publisistik əsərlərində, həm də iri həcmli tarixi romanlarında Vətən həsrəti, bütöv Azərbaycan ideyası, türkçülük, haqqa-ədalətə çağırış motivləri çox güclüdür. Şairin həyata xalqa, torpağa, Vətənə bağlılığını yüksək qiymətləndirən Xalq şairi Hüseyn Arif onun satirik şeirlərinə xüsusi önəm verirdi: “Eldar İsmayılın satira dili də aydın və obrazlıdır. Yeri gəlmişkən, şair haqlı olaraq inkişafımıza mane olan, əngəl törədən əliəyrilərə, ziyankarlara yaltaq və natəmizlərə savaş açır”.

Şəxsiyyəti və yaradıcılığı ilə sevilən, söz dünyası ümman olan ustad şairi Eldar İsmayıl Böyüktürkün əziz və unudulmaz xatirəsi vətənsevənlərin qəlbində daim yaşayacaqdır!

Zöhrə QARAQIZI,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Oxşar xəbərlər